Orduxan da Baş Prokurorluğa çağırıldı

17 Aprel 2025 15:34

Orduxan Bəbirov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

Milli.Az xəbər verir ki, 23.09.1969-cu il təvəllüdlü Bəbirov Orduxan Teymurxan oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

Təqsirləndirilən şəxs kimi Orduxan Bəbirov 6 may 2025-ci il tarixdə, saat 12:00-da Baş Prokurorluğun inzibati binasına gəlməlidir. 

Belə ki, cinayət işi üzrə Bəbirov Orduxan Teymurxan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci  maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.

Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə "youtube" və "facebook" sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.

Bəbirov Orduxan Teymurxan oğlu istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mehman Əsədov
Milli.Az