Avtomobil sahiblərinin tez-tez qarşılaşdığı suallardan biri də köhnə mühərriklər üçün düzgün motor yağı seçimidir. Mütəxəssislər bildirirlər ki, mühərrikin yaşı və yürüşü artdıqca, ona uyğun yağın seçilməsi mühərrikin ömrünü uzatmaq baxımından son dərəcə vacibdir.
Milli.Az xəbər verir ki, avtomobil ustası və texniki xidmət eksperti qeyd edir ki, yüksək yürüşlü, xüsusilə də 150.000 km-dən artıq məsafə qət etmiş mühərriklər üçün qalın (yəni yüksək viskozitəli) yağlardan istifadə etmək daha məqsədəuyğundur. Bu cür yağlar köhnəlmiş hissələr arasında daha yaxşı qoruyucu qat yaradır, yağ sızmalarının qarşısını alır və mühərrikin səssiz işləməsinə kömək edir.
Sintetik, yarımsintetik, yoxsa mineral yağ?
Mütəxəssislər yarımsintetik və ya mineral yağların köhnə mühərriklər üçün daha uyğun olduğunu bildirirlər. Sintetik yağlar yüksək performanslı, yeni nəsil mühərriklər üçün nəzərdə tutulduğu halda, köhnə mühərriklərdə bu yağlar sızmalara və təzyiq problemlərinə səbəb ola bilər.
Ən çox tövsiyə edilən viskozitə dəyərləri isə 10W-40 və ya 15W-40 kimi yarımsintetik formulalardır. Bu növ yağlar həm isti, həm də soyuq hava şəraitində mühərriki qorumağa davam edir.
Rutin yoxlamalar unudulmamalıdır
Mütəxəssislər əlavə edir ki, mühərrik yağı dəyişilmədən əvvəl avtomobilin servis kitabçasına baxmaq və mümkün qədər istehsalçının tövsiyələrinə uyğun hərəkət etmək lazımdır. Eyni zamanda, yağın səviyyəsi və vəziyyəti mütəmadi olaraq yoxlanmalı, hər 5.000-7.000 km-də bir dəyişdirilməlidir.
Fidan
Milli.Az