Səudiyyə Ərəbistanı Suriyanın bütün borcunu bağlayacaq

17 Aprel 2025 09:32

Suriya Bəşər Əsədin hakimiyyətdən devrilməsindən sonra yeni bir səhifə açıb və ölkənin sabitliyini bərpa etmək üçün səyləri davam edir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı Suriyanın Dünya Bankına olan borclarını ödəməyi planlaşdırır. Agentliyə danışan mənbələr Dünya Bankının Suriyanın müharibə nəticəsində ciddi zərər görmüş elektrik şəbəkəsinin bərpası və dövlət sektorunun maaşlarını dəstəkləmək üçün maliyyə yardımı təmin etməyi müzakirə etdiyini bildiriblər.

Bundan əvvəl, keçən ay, Qətər Suriyanın elektrik tələbatını ödəmək üçün İordaniya üzərindən Suriyaya qaz təchiz etməyi planladığını açıqlamışdı. Bu planın ABŞ-ın təsdiqini aldığı da bildirilmişdi.

Suriyanın Dünya Bankına təxminən 15 milyon dollar borcu olduğu məlumdur. Bankın ölkəyə aid qrant və digər yardımları təsdiqləməsi üçün bu borcun ödənməsi vacibdir. Borcların silinməsi ilə yanaşı, ölkədəki yenidənqurma işləri və dövlət sektorunun dəstəklənməsi üçün milyonlarla dollar ödəmə gözlənilir.

Dünya Bankı nümayəndələri Suriya naziri ilə görüşüb

Suriya Rəsmi Xəbər Agentliyinin məlumatına görə, Dünya Bankından texniki heyət, dünən Suriya Maliyyə Naziri Məhəmməd Yusr Berniyyə ilə görüşüb. Bu, Dünya Bankı ilə Suriya hökuməti arasında keçirilən ilk toplantıdır və görüşdə iki tərəf arasındakı iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə edilib. Berniyyə görüşdə Suriyaya tətbiq olunan beynəlxalq sanksiyalar və əvvəlki rejim siyasətlərinin ölkənin maliyyə və bank sektoruna mənfi təsirlərini izah edib.

Suriya nümayəndələri Vaşinqtona gedəcək

Suriya nümayəndələrinin bu ayın sonunda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) illik yaz toplantıları üçün Vaşinqtona yüksək səviyyəli bir heyət göndərməsi gözlənilir. Bəşar Əsəd rejimi dövründə tətbiq olunan ABŞ sanksiyaları hələ də qüvvədə olduğu üçün, Suriya nümayəndələrinin hər hansı bir amerikalı məmurla görüşüb-görüşməyəcəyi məlum deyil.

Hüseyn
Milli.Az