"Strateji baxış liderin kompasıdır" - Əsmər Əliyeva

16 Aprel 2025 09:30

Müasir idarəetmə prinsipləri hər keçən gün daha da inkişaf edir və bu sahədə uğur qazanmaq istəyənlər üçün liderlik bacarıqları həyati əhəmiyyət kəsb edir.

Xətai Estetik Klinikasının icraçı direktoru Əsmər Əliyeva Milli.Az-a açıqlamasında effektiv liderliyin əsas prinsipləri, idarəetmədə strateji yanaşmalar və komandaların uğurla yönləndirilməsi barədə fikirlərini bizimlə bölüşüb.

"Strateji baxış liderin kompasıdır"

Əsmər Əliyevanın sözlərinə görə, hər bir liderin yol xəritəsi olmalıdır və bu xəritə strateji düşüncə ilə formalaşır:

"Liderlik sadəcə tapşırıqlar verməkdən ibarət deyil. Əsl lider gələcəyi görə bilən, dəyişiklikləri öncədən hiss edən və bu istiqamətdə addımlar atan şəxsdir. Strateji düşüncə - istənilən qərarın arxasında duran əsas gücdür. Bu, liderin kompasıdır".

"Düzgün kommunikasiya hər şeyin əsasını təşkil edir"

Ə. Əliyeva vurğulayır ki, kollektivlə güclü və sağlam münasibət qurmaq üçün liderin ünsiyyət bacarıqları yüksək olmalıdır:

"Səmimi və açıq ünsiyyət komandada inam yaradır. İstər bir həkim, istərsə də inzibati əməkdaş - hər kəs rəhbərin fikirlərini aydın və anlayışla ifadə etməsini gözləyir. Biz daim açıq dialoqa üstünlük veririk".

"Qərar vermək cəsarət və məsuliyyət tələb edir"

Bir çox təşkilatda rəhbərlərin əsas sınağı - düzgün qərar vermək bacarığıdır. Ə. Əliyeva bu məsələdə həm rasional yanaşmanı, həm də komanda rəyini əsas götürdüklərini bildirir:

"Təbii ki, hər qərar məsuliyyət daşıyır. Amma düzgün analiz, alternativlərin dəyərləndirilməsi və komandamızın fikirlərinə əsaslanaraq verdiyimiz qərarlar bizi uğura aparır. Risklər var - lakin rəhbər onları idarə etməyi bacarmalıdır".

"Komandaya güvən - liderin güzgüsüdür"

Liderin uğuru birbaşa onun komandasının uğuru ilə ölçülür. Həmsöhbətim deyir ki, işçilərə güvənmək və onların potensialına inanmaq effektiv idarəetmənin əsas hissəsidir:

"Əgər sən komandanı tanıyırsansa və onlara güvənirsənsə, onlar da səninlə bir yolda irəliləyəcəklər. Bizdə hər əməkdaş özünü dəyərli hiss edir və bu, motivasiyanın ən güclü formasıdır".

"Dəyişikliklərə açıq olmaq artıq lüks yox, zərurətdir"

Rəqabətli bazarda uğur qazanmaq üçün dəyişikliklərə adaptasiya vacibdir. Əsmər xanım qeyd edir ki, xüsusilə tibb və estetik sahələrində yeniliklərə çevik yanaşmaq lider üçün fərq yaradan faktordur:

"Texnologiyalar inkişaf edir, pasiyentlərin gözləntiləri dəyişir. Rəhbər olaraq bu dəyişiklikləri qabaqcadan hiss etməli və komandanı da bu istiqamətdə hazırlamalısan".

"Lider ilk növbədə özü üzərində işləməlidir"

Söhbətin sonunda Ə.Əliyeva effektiv liderliyin daxili hazırlıqdan başladığını vurğulayır:

"Biz rəhbərlər tez-tez deyirik: işçiləri inkişaf etdirməliyik. Lakin unuduruq ki, özümüz inkişaf etməsək, digərlərinə yol göstərə bilmərik. Mən daim yeni biliklərə açığam və bu yanaşmanı komandama da aşılayıram".

Nəticə olaraq bildirmək istəyirəm ki, Əsmər Əliyevanın liderlik fəlsəfəsi sadə, lakin dərin məna daşıyır: insanlara güvənmək, dəyişikliklərə hazır olmaq və daim strateji baxış bucağını qorumaq. 

Xəyal Abdullayev
Milli.Az