Rusiya Avropanın "əlinə oynayır?"- Makrondan qəribə açıqlama

16 Aprel 2025 17:53

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynanın Sumı şəhərinə etdiyi hücumu kəskin şəkildə pisləyib. O bildirib ki, bu müharibəni Rusiya özü başlayıb və indi də onu davam etdirmək niyyətindədir. Makronun sözlərinə görə, Moskva insan həyatını, beynəlxalq hüququ və ABŞ prezidenti Donald Trampın diplomatik səylərini açıq şəkildə görməzlikdən gəlir. O, Rusiyanın bu davranışını beynəlxalq nizam üçün ciddi təhdid kimi qiymətləndirib. Rusiyanın Sumıya hücuu nəticəsində 34 nəfər ölüb.

Bəs bu danışıqla Makron nə deməyə çalışır?

Mövzu ilə bağlı Milli.Az-a siyasi şərhçi Kənan Novruzov açıqlama verib:

"Makronun açıqlamasında diqqət çəkən əsas məqam onun Rusiyanı Trampın səylərinə etinasız yanaşmaqda ittiham etməsidir. Fikrimcə, bu, hiyləgər addımdır. Məsələ bundan ibarətdir ki, Avropa, o cümlədən Fransa ABŞ-dən fərqli olaraq müharibənin bitməsini, o cümlədən atəşkəsi istəmir. Çünki Rusiya hələ tam zəifləməyib. Avropa məqsədinə çatmayıb. Əgər rəsmi Moskva bu savaşda qalib olsa Avropa üçün təhdid qalacaq. Rusiyanın Avropa İttifaqının (Aİ) üzvlərinə, xüsusilə özünə qonşu ölkələrə hücum etməsi müzakirə predmetinə çevriləcək. Avropa bundan narahatdır.

O baxımdan əslində Makronu düşündürən heç də Trampın səylərinin nəticəsiz qalması deyil. Üstəlik, onun Rusiyanın hücumlarından çox narahat olduğunu da düşünmürəm. Çünki belə addımlar atəşkəs ehtimalını azaldır. Bu isə savaşın davam etməsini istəyən Avropanın maraqlarına cavab verir.

Rusiyanın Sumıya hücumuna gəldikdə isə, əlbəttə, bu addım atəşkəs perspektivini azaltmaqla yanaşı, həm də gərginliyi artırır. Qarşıdakı günlərdə Ukraynanın Rusiyaya adekvat cavab verməsinin şahidi ola bilərik".
O qeyd edib ki, bu proseslərin arxasında müəyyən mənada Avropanın da dayanması mümkündür. Avropada başa düşürlər ki, ABŞ-nin səyləri nəticəsində Rusiya ilə Ukrayna arasında müharibə müvəqqəti olsa da dayandırıla bilər. Odur ki, Avropa bütün imkanları ilə, o cümlədən təxtibatlar və Ukraynaya dəstəyin artırılması ilə buna qarşı çıxmağa çalışır. Proses bundan sonra da davam edəcək.

Asya
Milli.Az