Ermənistana aid hərbi maşın görüntüləndi - Müharibəyə hazırlıq gedir? - FOTO

15 Aprel 2025 17:30

Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi maşın karvanının hərəkəti görüntülənib.

Milli.Az xəbər verir ki, bu barədə görüntülər "Bez Tormozov" "Telegram" kanalı tərəfindən yayımlanıb.

"Ermənistan Silahlı Qüvvələrinin fəallığının artması, təlimlərin keçirilməsi, eləcə də hindistanlı "dostlarından" alınan hərbi texnikanın sərhədyanı rayonlara daşınması - bütün bunlar onu göstərir ki, rəsmi İrəvan guya sülh istəyir, lakin onlar sülhdə maraqlı deyillər. Ermənistan təcavüzkar niyyət nümayiş etdirir və Azərbaycana qarşı təxribatlara hazırlaşır, bununla da revanşist ideyaları dəstəkləyir", − kanal yaydığı məlumatda qeyd edib.

Digər bir "Telegram" kanalı Ermənistan Silahlı Qüvvələrinin şərti sərhədin Tovuz rayonu istiqamətində mühəndis-istehkam işləri aparmasına dair görüntülər yayıb.

Ərazidə yeni atəş nöqtələrinin yaradılması, mövqelərdə təkmilləşdirmə işlərinin aparılması, kəşfiyyat üçün nəzərdə tutulmuş fortifikasiya qurğularının quraşdırılması və yeni alternativ yolların çəkilməsi müşahidə olunur. Ermənistan hakimiyyəti "sülh" gündəliyinə "sadiq" olduqlarını bəyan etsə də, əməldə tamam fərqli davranır. Ermənistan hərbi-siyasi rəhbərliyi bütün şərti sərhədboyu əsasən hücum xarakterli mühəndis-istehkam işləri görür. Bu müşahidələr bir daha təsdiq edir ki, rəsmi İrəvanın Azərbaycana qarşı məkrli və "gizli" gündəliyi var.

Mehman Əsədov
Milli.Az