Çətin günlər yaşayan "Nissan"a bir zərbə də ABŞ-dən gəlib.
Yaponiyanın tanınmış avtomobil istehsalçısı "Nissan" ABŞ-nin idxal maşınlarına tətbiq etdiyi 25 faizlik gömrük rüsumuna cavab olaraq "Rogue" modelinin Yaponiyadakı istehsalını müvəqqəti azaltmaq qərarına gəlib.
Milli.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın qərarı avtomobil sənayesində böyük dəyişikliklərə səbəb olub. Bu vəziyyətdən ən çox təsirlənən şirkətlərdən biri də "Nissan"dır. Şirkət ötən il ABŞ-də satdığı maşınların əksəriyyətini Yaponiya və Meksikada istehsal etmişdi.
May-iyul aylarında Nissan Kyushu zavodunda Rogue modelinin istehsalı 13 min ədəd azaldılacaq. Bu da ilin əvvəlində ABŞ-də satılan bu modellərin təxminən beşdə birinə bərabərdir. Zavodda iki növbəlik sistem davam edəcək, lakin bəzi günlərdə istehsal dayanacaq və iş saatları azaldılacaq.
Rogue modeli ABŞ bazarında Nissan üçün əsas modellərdən biridir. Ötən il bu avtomobildən ölkədə 246 min ədəd satılıb. Model həmçinin ABŞ-dəki Tennessi ştatında yerləşən Smyrna zavodunda da istehsal olunur.
Qeyd edək ki, "Nissan" son vaxtlar daxili çətinliklərlə də üzləşib. Şirkətin rəhbəri Makoto Uçida istefa verib. Onun yerinə 1 aprel tarixindən İvan Espinosa təyin olunub. Bu dəyişiklik "Honda" ilə aparılan birləşmə danışıqlarının uğursuzluğundan sonra baş verib. "Nissan" "Honda" ilə istehsal və texnologiya sahəsində əməkdaşlıq etmək istəyirdi, lakin "Honda"nın şirkəti tam almaq istəyi Nissan tərəfindən rədd edilib.
Maliyyə göstəriciləri də şirkət üçün mənfi olub. Nissan 2024-cü ilin ilk yarısında xalis gəlirinin 94 faiz azaldığını bildirib. Şirkət 9 min işçini ixtisar edib və istehsal gücünü 20 faiz azaldıb. Buna baxmayaraq, hələlik heç bir zavodun bağlanması planlaşdırılmır.
2018-ci ildə sabiq rəhbər Karlos Qon maliyyə pozuntuları səbəbilə vəzifədən gedəndən sonra Nissan hələ də əvvəlki gücünə qayıda bilməyib.
İslam
Milli.Az