Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ərtoğruloğlu ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Trend xəbər verir ki, bu barədə o, Türkiyədə keçirilən 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Prezident İlham Əliyevə Şimali Kiprə dəstək sözlərinə görə minnətdarlığımızı bildiririk", - o, əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla bugünkü görüş, ilk növbədə, bütün azərbaycanlı dostlara minnətdarlıq ifadəsi olub. Nazir bildirib ki, görüş zamanı adadakı vəziyyət və Kipr türkləri ilə yunanlar arasında münasibətlər müzakirə olunub.
Ərtoğruloğlu Şimali Kipr nümayəndə heyətinin 4-cü Antalya Diplomatiya Forumunda iştirakının öz mövqeyini daha geniş auditoriyaya çatdırmaq üçün bir fürsət olduğunu da vurğulayıb.
"Bizim üçün hekayəmizi burada daha geniş auditoriyaya çatdırmaq vacibdir", - o qeyd edib.
Milli.Az