Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə - YENİLƏNİB - FOTOlar

11 Aprel 2025 12:07

12:07

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 11-də saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 5 nəfər ( məktəbli) Tovuz Rayonu Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir", məlumatda deyilir.

11:05

Tovuzda orta məktəbdə şagirdlərin zəhərlənməsinin təfərrüatı məlum olub.

APA-nın yerli bürosunun əldə etdyi ilkin məlumata görə, məktəblilər sinif otağında sobadan ayrılan tüstüdən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

10:41

Tovuzda məktəbdə kütləvi zəhərlənmə olub.

Milli.Az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Düzcırdaxan kənd tam orta məktəbində qeydə alınıb.

Qaz sobasından dəm qazının sızması nəticəsində bir neçə şagird zəhərlənib.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az