Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin əsas mərhələsi olan yeni tunelin tikintisinə 2025-ci ilin sonunda başlanması nəzərdə tutulub.
Milli.Az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.
Bildirilib ki, məhz bu tarixdən etibarən sərnişinlərin səfərlərində müəyyən dəyişikliklər baş verəcəkdir. Tikinti müddətində "Nizami" stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq və bu səbəbdən:
• "Dərnəgül" istiqamətindən gələn sərnişinlər "Nizami" stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar;
• "Həzi Aslanov" istiqamətindən gələn sərnişinlər isə "28 May" stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.
İçərişəhər-28 May-Həzi Aslanov xətti üzrə qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət gözlənilmir. Əksinə, bu marşrutda intervalların daha da qısaldılması və xidmətin daha stabil həyata keçirilməsi planlaşdırılır.
Sərnişinlərin minimum narahatlıqla bu dövrü keçməsi üçün Bakı Metropoliteni və aidiyyəti dövlət qurumları birgə fəaliyyət göstərəcək. Hazırda ekspress avtobus marşrutlarının təşkili istiqamətində hazırlıq işləri aparılır və bu barədə ictimaiyyətə vaxtında məlumat veriləcək.
Əlbəttə ki, bu keçid dövrü sərnişinlər üçün müəyyən dərəcədə narahatlıq yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, bu, gələcəkdə daha sürətli, daha sıx qrafiklə və rahat şəkildə hərəkət edən metro xətlərinə keçid üçün zəruri mərhələdir.
Görüləcək işlərin nəticəsində platformalarda sərnişin sıxlığı azalacaq və gözləmə müddəti qısalacaq. Bildiyiniz kimi, bu gün "28 May" stansiyasında həm "İçərişəhər", həm də "Dərnəgül" istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olması, platformada sıxlıq və nizamsızlıq kimi problemlərə səbəb olur".
"Xətlərin ayrılması ilə bu xaotik vəziyyət aradan qalxacaq və bununla da "28 May" stansiyasından yalnız "İçərişəhər" və "Həzi Aslanov" istiqamətinə, "Cəfər Cabbarlı" stansiyasından isə yalnız "Dərnəgül" və "Xətai" istiqamətinə gedən qatarlara minik mümkün olacaqdır.
Milli.Az