Natəvan Bayramova İŞDƏN ÇIXDI

10 Aprel 2025 11:19

Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova tutduğu vəzifədən gedib.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, o, işdən azad olunması ilə ilə bağlı ərizəsini Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova təqdim edib.

Məsələ ilə bağlı Natəvan Bayramova Bakupost.az -a açıqlamasında xəbəri təkzib etmədi.

"Hələlik bu barədə açıqlama vermək istəmirəm. Uyğun bir zamanda məsələ ilə bağlı sosial şəbəkə hesabımda məlumat verəcəyəm", - deyə Natəvan Bayramova vurğuladı.

Qeyd edək ki, Natəvan Bayramova bu vəzifəyə 2023-cü ilin fevralında təyin edilmişdi.

2019-cu ildən 2022-ci ilin dekabr ayınadək isə o, "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.

N.Bayramova 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr dərəcəsi alıb.

Peşə fəaliyyətinə 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər-elm və təhsil departamentinin direktor müavini işləyib.

Dövlət orqanlarında müxtəlif vəzifələrdə iş təcrübəsinə malikdir.

Fəaliyyəti ilə əlaqədar bir neçə beynəlxalq və yerli mükafatlara layiq görülüb.

Ailəlidir, iki övladı var.

Milli.Az