Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin bölgədə həyata keçirdiyi siyasətlə bağlı sərt xəbərdarlıq edib.
"İsrail xarici siyasətini daha böyük məsuliyyətlə aparmalıdır. Seçdiyi vektor nə İsrailə, nə də regiona sabitlik gətirəcək", - deyə nazir İraqın UTV telekanalına verdiyi müsahibəsində bildirib.
Milli.Az xəbər verir ki, Fidanın sözlərinə görə, İsrailin hazırda izlədiyi strategiya, xüsusilə də işğal siyasəti, ona nə təhlükəsizlik təmin edəcək, nə də müsbət nəticə verəcək:
"Ola bilər ki, həyata keçirilən təxribatlar bəzi taktiki məqsədlərə xidmət etsin, lakin strateji planda fəsadlar çox daha ciddi olacaq."
Nazir həmçinin vurğulayıb ki, İsrailin daxilində iki əsas siyasi yanaşma mövcuddur: biri region ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa çalışır, digəri isə qonşuları zəiflədərək öz təhlükəsizliyini təmin etməyə üstünlük verir.
"İsrailin hazırkı Baş naziri Benyamin Netanyahu da bu ikinci istiqamətin nümayəndəsidir. Bu yanaşmanın əvvəllər də dəfələrlə tətbiq edildiyini gördük və nəticədə nə İsrail, nə də bölgə fayda gördü. Əksinə, bu siyasət bir çox problemlərə yol açdı," - deyə Fidan əlavə edib.
Fidan
Milli.Az