Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə layihəsi olan "Muzeydə Musiqi Gecələri" növbəti portret-konserti keçirilib.
05 aprel saat 19:00-da Muzey Mərkəzinin Akt zalında keçirilən portret-konsertdə bəstəkar, professor Cəlal Abbasovun yaradıcılığı işıqlandırılıb. Portret-konsertdə ifa olunacaq əsərlər -"Onsuz...", Meditations, 2 saylı simli kvartet və vokal silsilələri, "Əkinçi" kvartetilə yanaşı solistlər Fəridə Məmmədova (soprano), Yulia Kərimova (piano), Atabala Manafzadə (piano), Mirxalid Məmmədzadə (fleyta), Kamil Hüseynzadə (vibrafon) və Asim Xəlilov (violonçel) tərəfindən təqdim olunub. Gecənin moderatoru bəstəkar Firudin Allahverdidir.
Əməkdar İncəsənət Xadimi Cəlal Abbasov 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) Bəstəkarlıq fakültəsini, dahi bəstəkarımız Q.Qarayevin sinfini bitirmişdir. Müxtəlif janrlarda bəstələnmiş əsərləri arasında dörd simfoniya, beş kantata, iki simli kvartet, Q.Qarayevin xatirəsinə Postlüdiya (orqan üçün), "Şən bahar" uşaq operası və s. əsərləri misal çəkmək olar. Onun bəstəkar fəaliyyəti ilə yanaşı, professor kimi elmi məqalələri, məruzələri də diqqətə layiqdir.
Qeyd edək ki, potret-konsertə giriş sərbəst olub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az