Trampın qərarına "etiraz" - "Jaguar Land Rover" ABŞ-yə avtomobil göndərməyəcək

7 Aprel 2025 10:00

İngiltərənin ən böyük avtomobil istehsalçısı olan "Jaguar Land Rover" ABŞ-yə avtomobil göndərişlərini bir ay müddətinə dayandıracağını açıqlayıb.

Milli.Az xəbər verir ki, şirkət bu qərarı ABŞ Prezidenti Donald Trampın xarici avtomobillərə tətbiq etdiyi yeni gömrük rüsumlarının təsirini qiymətləndirmək üçün verib.

Tramp administrasiyası ölkəyə gətirilən bütün xarici avtomobillərə 25 faiz tarif tətbiq edib. Bu qərar cümə axşamı qüvvəyə minib. Ağ Ev həmçinin bəyan edib ki, mayın 3-dək bəzi avtomobil ehtiyat hissələrinə də əlavə rüsum tətbiq olunması planlaşdırılır.

Yeni ticarət qaydaları qlobal maliyyə bazarlarında gərginlik yaradıb və avtomobil sənayesində ciddi təsirlər doğurub. "Jaguar Land Rover" bu şəraitdə ticarət tərəfdaşları ilə danışıqlar apardığını və uzunmüddətli strategiyalar üzərində çalışdığını bildirib.

Şirkətin sözçüsü bazar günü verdiyi açıqlamada qeyd edib ki, bu dövrdə aprel ayında göndərişlərin müvəqqəti dayandırılması da daxil olmaqla, qısamüddətli tədbirlər həyata keçiriləcək. Məqsəd yeni qaydalara uyğunlaşmaq və gələcək fəaliyyət planlarını riskləri nəzərə alaraq yenidən formalaşdırmaqdır.

İslam
Milli.Az