“Nə olub, nəyə baxırsan?” - Çayxanada baxışma üstündə dava qanla bitdi

28 Mart 2025 15:48

Qazax şəhərində çayxanada başlayan baxışma üstündəki mübahisə bıçaqlanma ilə nəticələnib.

Milli.Az xəbər verir ki, hadisə 2023-cü ildə Qazax şəhərində yerləşən "Pürrəngi" çay evinin yaxınlığında baş verib.

Məlumata görə, hadisə axşam saatlarında çayxanada Məhəmməd və dostu Turalın Şahmurad və Əfqana sərt baxması ilə başlayıb. Bu zaman Məhəmməd Şahmurada "nə olub, nəyə baxırsan?" deyib. Onlar isə "baxanda nə olur?" deyə cavab verib. Məhəmməd onları çölə çağırıb və mübahisə böyüyüb.

Çayxanadan çıxan gənclər Rus Pravoslav kilsəsinin yaxınlığında mübahisəni davam etdiriblər. Burada Məhəmməd Əfqanın üzərinə gedərək yumruqla onun ağzına zərbə endirib. Bundan sonra dava daha da böyüyüb, Tural da Şahmuradı vurub və onlar yerə yıxılıb. Davanın gedişində Məhəmməd cibindəki bıçağı çıxararaq Şahmuradın kürəyinə bir dəfə zərbə endirib​

Hadisədən sonra Məhəmməd və Tural hadisə yerindən uzaqlaşıblar. Lakin ertəsi gün Məhəmməd polisə gedərək könüllü şəkildə təslim olub və törətdiyi əməli etiraf edib​.

Şahidlərin məhkəmədə verdiyi ifadələrdə bildirilir ki, hadisə yerində bir neçə nəfər olub və dava zamanı ciddi xəsarətlər yetirilib.

Məhəmməd Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (xuliqanlıq) maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə, Tural isə Cinayət Məcəlləsinin 126.2.1 (bir qrup şəxs tərəfindən sağlamlığa ağır zərər vurma), 126.2.4 (xüsusi amansızlıqla sağlamlığa zərər vurma) və 221.3 (xuliqanlıq) maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib​./modern.az

Milli.Az