Suriya müxalifətinin Türkiyədən qeyr-adi istəyi
16 İyul 2012 11:43
Suriya müxalifətinin Hama şəhərindəki qanadının rəsmi sözçüsü Xalid Əbu Salih ölkədə baş verən toqquşmaların qarşısının alınması üçün Ankaranın Suriyaya müdaxilə etməsinin zəruri olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə "CNN Türk" telekanalı məlumat verib.
"Türkiyənin Suriya müxalifətinə verdiyi dəstək yetərli deyil, Ankaranın bu ölkəyə müdaxilə etməsi zəruridir", - o deyib.
Müxalifət sözçüsü onu da qeyd edib ki, ölkə prezidenti Bəşər Əsədin hakimiyyətdə qalması əsla mümkün deyil.
"Suriyada olan beynəlxalq müşahidəçilər ölkədə dinc əhalinin necə qətlə yetirildiyinin şahidi oldular", - Əbu Salih bildirib.
Onun sözlərinə görə, beynəlxalq birliklərin Suriyaya hələ də müdaxilə etməməsinin əsas səbəblərindən biri də ölkədə neftin olmamasıdır.
BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 12 mini ötüb. Təxminən 230 min insan qaçqın düşüb, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.
Milli.Az