Məşhur aviaşirkət sərnişinləri "gecikmə" səbəbindən cəzalandırmaq qərarına gəlib.
İrlandiyanın hava yolu şirkəti Ryanair uçuşa 40 dəqiqə qalmış qeydiyyata gələn sərnişinlərdən 100 avro cərimə tətbiq etməyə başlayıb.
Milli.Az-ın xarici mediaya istinadla xəbərinə görə, yeni qayda mart ayında qüvvəyə minib və artıq müştərilərin tənqid dalğasına səbəb olub.
Şirkətin izahatında qeyd edilir ki, tədbir uçuşların dəqiqliyini artırmaq məqsədi daşıyır, çünki "gecikmiş" sərnişinlər çox vaxt ləngimələrə səbəb olur. Ancaq bir çox səyahətçilər bu yeniliyi pul qazanmaq üçün başqa bir hiylə kimi görürlər.
Məsələn, London-Barselona reysi ilə uçan sərnişin Sara Tompson, tıxaclar və nəqliyyatın hərəkətinin pozulması səbəbindən uçuşa 35 dəqiqə qalmış hava limanına gəldikdən sonra 100 avro cərimələndiyini söyləyib. Nəzarətdən keçə bilməsinə baxmayaraq, Ryanair tam məbləği ödəməkdə israr edib.
Bu, aşağı büdcəli aviaşirkətə qarşı ilk ittiham deyil. 2024-cü ildə İspaniya hökuməti "Ryanair"i "istehlakçıların sui-istifadəsi"nə görə 107 milyon avro cərimələyib. Ümumilikdə beş aşağı büdcəli aviaşirkət - Ryanair, Vueling, easyJet, Norwegian və Volotea İspaniya nazirliyi tərəfindən 179 milyon avro məbləğində cərimələnib. Şikayətlərə əl baqajı üçün əlavə ödənişlər və onları müşayiət edən şəxslər, o cümlədən yetkinlik yaşına çatmayanlar və əlillər üçün yerlərin məcburi rezervasiyası daxildir.
Avropa Birliyindəki hüquqşünaslar və istehlakçı qrupları artıq "Ryanair"in siyasətlərinə yenidən baxmağa çağırıb, aviaşirkəti gizli ödənişlərdən istifadə etməkdə və sərnişinlər üçün ayrı-seçkilik şəraiti yaratmaqda ittiham ediblər./lent.az
Milli.Az