“1-ci Uşaq Teatr Festivalı”nın qalibləri elan edildi - FOTO

19 Mart 2025 21:15

"Milli Teatr Günü" nə həsr olunmuş  Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqı və "EMEDIA GROUP" Media təşkilatının təşkilatçılığı ilə "1-ci Uşaq Teatr Festivalı"nın bağlanış mərasimi baş tutdu. Festival çərçivəsində müxtəlif yaş qruplarından olan uşaqlar teatr sənətinə maraqlarını nümayiş etdirib və yaradıcı çıxışlarını təqdim ediblər.

Tədbirdə millət vəkilləri, QHT sədrləri, tanınmış incəsənət xadimləri, mətbuat nümayəndələri və digər qonaqlar iştirak etdilər.

Bağlanış mərasimində çıxış edən Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov festivalın uğurla yekunlaşdığını vurğulayıb və gələn il 2-ci Uşaq Teatr Festivalının keçiriləcəyini elan edib. O, festivalın uşaqlar üçün böyük yaradıcılıq platforması olduğunu bildirib və bu ənənənin davam etdirilməsinin vacibliyini qeyd edib. Həmçinin, gələcək festivallarda daha genişmiqyaslı tədbirlərin və yeni teatr elementlərinin tətbiq ediləcəyini vurğulayıb.

Festivalın təşkilatçılarından "EMEDIA GROUP" Media təşkilatının sədri Elşən Əliyev çıxış edərək festivalın uşaq teatr sənətinin inkişafına böyük töhfə verdiyini bildirib. O, uşaqların yaradıcılıq potensialının dəstəklənməsinin vacibliyini vurğulayaraq, festivalın informasiya təminatında və təşviqində rol oynayan media qurumlarına təşəkkürünü bildirib.

Teatr Xadimləri İttifaqının sədr müavini, Respublikanın Əməkdar artisti, professor Azad Şükürov öz çıxışında festivalın teatr sənətinə yeni nəsil istedadların qazandırılmasına verdiyi töhfəni qeyd edib. O, uşaqların bu kimi layihələrdə iştirakının onların yaradıcılıq potensialını üzə çıxardığını və gələcəyin aktyorları üçün gözəl imkanlar yaratdığını bildirib.

6 gün davam edən Festivalda 6-14 yaş arası 1, 2 və 3-cü yer üzərində müxtəlif orta məktəblər, mədəniyyət mərkəzləri, dövlət və özəl qurumların iştirakı ilə mübarizə aparmışlar.

Münsiflər heyətinin qiymətləndirməsi əsasında qaliblər seçilərək 17 mart festivalın bağlanış mərasimində ictimaiyyətə təqdim olundu.

Festivalda müxtəlif nominasiyalar üzrə qaliblər elan edilib və mükafatlandırılıb:
I yer - 3 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi - "Çiçəyim" Uşaq Teatrı
II yer - 7 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi - "Sənət İnciləri" kollektivi
III yer - Mirzə Ələkbər Sabir adına 259 saylı orta məktəb - "Hop-Hop" kollektivi
III yer - Azərbaycan İncəsənət Məktəbi - "Səhnənin Ulduzları" kollektivi

Festivalın xüsusi nominasiyaları üzrə mükafatlandırılanlar:
Ən yaxşı aktyor - "Şahzadənin sərgüzəştləri" əsərində Şahzadə roluna görə Allahverdiyev Yusif
Ən yaxşı aktrisa - "Göyçək Fatma" əsərində Çirkin qız roluna görə Dəniz Məsimli
Ən yaxşı rejissor - "Tənbəl Əhmədin nağılı" tamaşasına görə Bədəlova Yaqut Məsimli
Ən xarakterik aktyor - "Cik-Cik xanım" tamaşasında Usubəliyev Saleh
Ən şirin aktrisa - "Şahzadənin sərgüzəştləri" tamaşasında Sarıduman Rabia Sinay
Ən şirin aktyor - "Tısbağanın yolu" tamaşasında Talıblı Səid
Ən yaxşı səhnə tərtibatı - "Tənbəl Əhməd" tamaşasına görə Məmmədova Mehparə
Ən yaxşı musiqi tərtibatı - "Cik-Cik xanım" tamaşasına görə Rəhim Rəhimov
Ən yaxşı səhnə geyimi - "Şahzadənin sərgüzəştləri" tamaşasında Rəna Kərimova
Ən yaxşı rəqs - "Tənbəl Əhmədin nağılı" tamaşasında Əli Natiqoğlu
Sonda festivalda iştirak edən bütün uşaq kollektivlərinə sertifikatlar və hədiyyələr təqdim edilib. Bağlanış mərasimi möhtəşəm musiqi və rəqs nömrələri ilə yekunlaşıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az