Ölkənin 19 şəhərində imtahan mərkəzləri təşkil edilib ki, bu da müəllimlərin ən uyğun məkanlarda sertifikasiya imtahanlarından keçməsinə şərait yaradır.
Trend xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, əvvəlki illərdə müəllimlərin işə qəbulu imtahanlarına baxsaq, namizədlərin paytaxta gəlməyinə zərurət var idi, indi artıq ölkənin 19 müxtəlif şəhərində bu imkanı yaratmışıq.
"Ötən ildən ehtibarən, ilk dəfə olaraq Naxçıvanda imtahan infrastrukturu yaradılıb. Bu il Naxçıvanla birlikdə 19 şəhərdə bu imtahanlar təşkil ediləcək. Proses tamamilə elektron formada həyata keçirilir. Müəllimlər imtahan bitən kimi nəticələri, doğru və yanlış cavabları görə bilirlər. İmtahandan sonrakı appelyasiya mərhələsi də elektron formatda olur və qısa zamanda həyata keçirilir", - deyə o əlavə edib
Milli.Az