Türkiyədə saxlanılanların sayı 84-ə çatdı - Bu tanınmış da... - FOTO

19 Mart 2025 17:00

İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya və cinayət araşdırmaları çərçivəsində keçirilən əməliyyatda bir çox tanınmış şəxsin adı həbs siyahısında yer alıb.

Milli.Az xəbər verir ki, saxlanılanlar arasında Şeyma Subaşının bacısı Kübra Açılın əri Merthan Açıl və Cübbeli Ahmet Hocanın kürəkəninin böyük qardaşı Mehmet Muhittin Palazoğlu da var.

Merthan Açıl kimdir?

1982-ci il fevralın 15-də anadan olan Merthan Açıl futbol karyerasına Bakırköy idman infrastrukturunda başlayıb və peşəkar komandaya yüksəlib. O, "Çaykur Rize Spor", "Kasımpaşa" və "Adanaspor" kimi klublarda oynayıb. 2015-16 mövsümündə "Adanaspor"la 1-ci Liqa çempionluğunu qazandıqdan sonra idman karyerasını davam etdirərək İngiltərə Çempionatında "Hull City" komandasında çalışıb.

Qeyd edək ki, əməliyyat çərçivəsində saxlanılanların sayı 84 nəfərə çatıb. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və 99 şübhəli barəsində "cinayət təşkilatının lideri olmaq", "cinayətkar təşkilata üzv olmaq", "qəsb", "rüşvətxorluq", "ağır fırıldaqçılıq", "qanunsuz şəxsi məlumat əldə etmək" və "tender saxtakarlığı" ittihamları ilə həbs qərarı verilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Milli.Az