Tədqiqatçılar orqanizm kritik şəraitdə olduqda xüsusilə təhlükə ilə qarşılaşdıqda vaxtın niyə "yavaşladığını" izah ediblər. Yeni araşdırmalara görə, bunun əsas səbəbi beynimizin təhlükəyə qarşı hiperfokus rejiminə keçməsi ilə əlaqəlidir.
Milli.Az xəbər verir ki, təhlükə ilə qarşılaşdıqda beynimiz anidən çox yüksək səviyyədə aktivləşir.
Bu proses beynin duyğuların tənzimlənməsinə cavabdeh olan sahələrinin işinə təsir edir. Tədqiqatçılar qeyd edirlər ki, bu sahələr eyni zamanda vaxtı qavrama və qiymətləndirmə funksiyasına da cavabdehdir. Nəticədə, emosional aktivləşmə beynin vaxtı qavrama qabiliyyətini dəyişdirir və bu da özünü vaxtın "yavaşlama" hissi kimi göstərir.
Beyin daha çox məlumatı eyni anda işləyərək vəziyyəti analiz edir və buna uyğun təcili qərarlar verməyə çalışır. Bu vəziyyətdə zaman sanki daha uzun keçir və insan həmin anı daha çox hiss edir.
Ekspertlər bu tədqiqatın beyin və vaxtın qavranması arasındakı əlaqələri anlamaqda yeni imkanlar açacağını və gələcəkdə digər neyroloji tədqiqatlar üçün əsaslı bir zəmin yarada biləcəyini bildirirlər. Ekstremal vəziyyətlər və ya yeni təcrübələr zamanı beyinimiz həddən artıq reaksiya verməyə köklənir və zaman tamamilə fərqli axmağa başlayır, qərarlar qəbul etmək və ətrafımızdakı dünyaya reaksiya vermək üçün bizə əlavə anlar yaradır.
Asya
Milli.Az