"Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat" təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, bu Təlimat dəmiryol stansiyasında (bundan sonra - stansiya) qatarların hərəkəti zamanı müxtəlif siqnalizasiya, mərkəzləşmə və bloklama (bundan sonra - SMB) qurğularının, həmçinin siqnalizasiya və əlaqə vasitələrinin saz və ya nasaz olduğu hallarda qatarların qəbuluna, göndərilməsinə və buraxılmasına, dəmir yollarında və qurğularda təmir-tikinti işləri aparıldıqda qatarların qəbuluna və göndərilməsinə, habelə manevrlərin yerinə yetirilməsinə və qatarlara xəbərdarlıqların verilməsinə dair tələbləri müəyyən edir.
Bu Təlimatın tələbləri qatarların hərəkəti və manevr işləri üzrə əməliyyatları yerinə yetirən hüquqi şəxslər, fərdi sahibkarlar və onların işçiləri üçün məcburidir.
İnfrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair normativ və texniki sənədləri bu Təlimata zidd olmayan hissədə tətbiq edilir.
Qatarların hərəkətinə və manevr işinə dair sərəncamlar qısa və dəqiq verilməlidir. Sərəncamı verən işçi hər dəfə sərəncamın qısa təkrarını dinləməli və onu düzgün anladığına, sonradan isə düzgün yerinə yetirilməsinə əmin olmalıdır (idarəetmə aparatının indikasiyasına görə, qatar radiorabitəsi, stansiya radiorabitəsi, ikitərəfli park rabitəsi və digər rabitə vasitələri ilə, icraçıların məruzələrinə əsasən və ya şəxsən).
Milli.Az