"İrəvanın əməli ilə sözü üst- üstə düşmür"

18 Mart 2025 13:58

Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bundan əvvəl yanvarın 6-da, ardınca isə martın 5-də hərbi təxribat törədilmişdi.

Milli.Az xəbər verir ki məsələ ilə bağlı politoloq Kənan Novruzov açıqlama verib:

"Məsələ burasındadır ki, artıq öyrəşdiyimiz kimi, İrəvanın əməli ilə sözü üst- üstə düşmür. Ermənistan bir tərəfdən sülh haqqında danışsa da, digər tərəfdən sabotajlarından əl çəkmir. Diqqət çəkən məqam ondan ibarətdir ki, növbəti təxribat Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri rəsmi olaraq Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını bəyan etməsindən bir neçə gün sonra baş verdi. Layihə mətninin tam hazır olmasını əslində sülh istiqamətində atılan daha bir ciddi addım kimi qiymətləndirmək olardı. Amma oxşar təxribatlar prosesə kölgə salır.

Ermənistanın son zamanlar intensivləşməkdə olan sabotajlarının idarəolunması və motivi ilə bağlı bir neçə fərziyyə irəli sürmək olar. Birincisi, təxribatları Ermənistan hakimiyyəti törədir. İrəvan hər nə qədər sülh haqqında danışsa da, əslində səmimi deyil və sülh istəmir. Odur ki, özünü sülh göyərçini kimi göstərir, sonra yenidən "suları bulayır".

İkincisi, Ermənistana asanlıqla təzyiq göstərə bilən güclər Cənubi Qafqazda "daşların yerinə oturmasından", qarşılıqlı etimad mühitinin yaranmasından narahat olurlar. Beləliklə, İrəvana "barmaq silkələyir"lər. Təkrarlanan sabotajlar da həmin "barmaq silkələnməsinin" təzahürüdür. Üçüncüsü, Ermənistan daxilindəki revanşist, həmçinin ikinci güclərə tabe olan qruplaşmalar hakimiyyətin nəzarətindən kənar, iqtidarın addımlarına mane olmaq üçün süni əngəl yaradırlar. Əgər belədirsə, qəbahət yenə də hakimiyyətdədir. Çünki təhlükəsizlik qüvvələri lazımi səviyyədə işləyə bilmir".

"Bütün hallarda görünən odur ki, Ermənistan hələ sülhə hazır deyil. Əgər İrəvan hətta indiki şəraitdə - sülhdən danışdığı bir vaxtda təxribatlara gedirsə, deməli, saziş imzalanandan sonra da analoji halların təkrarlanması istisna deyil. Bu isə Azərbaycanın maraqları ilə uzlaşmır. Deməli, rəsmi Bakının tələb etdiyi kimi Ermənistanın qanunvericiik səviyyəsində Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi əsas şərt olaraq qalır.
Qarşıdakı aylarda yeni təxribatların olması gözləniləndir. Əgər belə olarsa, Azərbaycanın adekvat cavab verməsi də istisna deyil. Bu isə onsuz da dalan vəziyyətdə olan rəsmi İrəvanın işini daha da çətinləşdirəcək"- deyə o əlavə edib. 

Aysel Əkbər
Milli.Az