Xəzər dənizində süni torpaq sahəsinin icarə haqqı belə hesablanacaq - FOTO

17 Mart 2025 11:37

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin icarə haqqının hesablanması Qaydası" təsdiqlənib.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu qayda süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən illik icarə haqqının məbləğinin hesablanması qaydasını müəyyən edir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin 100 kvadratmetri üçün illik icarə haqqının bazis qiyməti 10,0 (on) manat təşkil edir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin 100 kvadratmetri üçün illik icarə haqqının məbləği sahilboyu zonada yerləşən şəhər və rayonlar üzrə bu düsturla hesablanır: Q = St x Bq x Zə + Ssf x Bq x Zə x Tə

Burada: Q - illik icarə haqqının məbləği; St - sahilboyu zolaqda, adada yerləşən və sahilboyu zolağa bitişik torpaq sahəsinin ölçüsü; Ssf - süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin ölçüsü (sahilboyu zolaqda, adada yerləşən və sahilboyu zolağa bitişik torpaq sahəsi çıxılmaqla); Bq - bazis qiyməti; Zə - zona əmsalı; Tə - təshih əmsalıdır.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə (sahilboyu zolaqda yerləşən torpaq sahəsi çıxılmaqla) 0,6 həddində təshih əmsalı tətbiq edilir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə 9 zona müəyyən edilərək bu Qaydaya əlavədə göstərilən müvafiq zona əmsalları tətbiq edilir.

Milli.Az