"Paşinyan sülh sazişinin imzalanması üçün danışıqların başa çatdığını bildirib"

17 Mart 2025 11:45

"Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidentindən sonra İran Prezidenti Məsud Pezeşkiana da zəng edərək İrəvan və Bakı arasında saziş bağlanması ilə bağlı danışıqların başa çatdığını bildirib. Yəqin növbədə Fransa Prezidenti Emmanuel Makrona zəng olacaq".

Milli.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib:

"Paşinyan sülh sazişini qısa müddətdə imzalamaq istəyir. Azərbaycan rəsmiləri sülh sazişinin mətninin razılaşdırıldığını bildirsələr də, Ermənistan Konstitusiyasında dəyişiklik tələbini də səsləndirirlər. Paşinyan Konstitusiya dəyişikliyini sülh sazişinin imzalanmasından sonraya saxlamağa çalışır. Rəsmi Bakı bununla razı deyil".

Politoloq qeyd edib ki, bu səbəbdən Paşinyan müxtəlif dövlət başçılarına zəng edib "sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayıb" deməklə rəsmi Bakının sülh sazişini imzalamaqdan başqa alternativinin qalmayacağınıı düşünür.

"Çünki əgər hər iki tərəf mətnin razılaşdırıldığını vurğulayırsa və müxtəlif ölkə liderləri əldə olunan razılaşmanı alqışlayırlarsa, sazişin imzalanması üçün heç bir əngəl qalmamalıdır. Sülh sazişini imzalayıb Paşinyanın "Konstitusiya dəyişikliyini də həyata keçirəcəyik" vədinə inanmaq olarmı? Ermənistanda keçirilən son sorğular göstərir ki, ermənilərin əksəriyyəti Konstitusiya dəyişikliyinin əleyhinədir. Digər tərəfdən Paşinyanın reytinqinin aşağı düşdüyünü göstərən sorğular da var. Bu baxımdan Konstitusiya dəyişikliyinin sonraya saxlanılmasının riskləri mövcuddur".

Aysel Əkbər
Milli.Az