Bu il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub. Onlardan 879,5 min nəfəri dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Rəsmi statistik müqayisə göstərir ki, bu il yanvarın 1-nə nisbətən fevralın 1-də əmək müqaviləsi ilə çalışanların sayı 21 min 500 nəfər azalıb. Belə ki, məşğulluq sferası bu ilin ilk ayına 1 milyon 778 min 500 əmək müqavilələri ilə daxil olub.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, həm dövlət, həm də özəl sektorda müqavilə ilə çalışanların sayında azalmalar qeydə alınıb:
"Özəl sektorda müqavilələrin sayında azalma daha çox - 18 min 200 nəfər olub. Dövlət Statistika Komitəsi bir aylıq müqayisədə dövlət sektorunda əmək müqaviləsi ilə çalışanların sayında 3 min 300 nəfər azalma bəyan edib".
2025-ci ilin ilk ayında əmək müqavilələrinin sayında azalmanın daha çox özəl sektordakı dəyişikliklər hesabına baş verdiyini qeyd edən deputat əmək müqavilələrin sayının məşğulluğun rəsmilləşdirilməsi və daha çox iş yerlərinin yaradılması baxımdan vacib olduğunu vurğulayıb:
"Dövlət sektorunda əmək müqavilələrinin sayının azalması struktur islahatları ilə bağlı olsa da, özəl sektordakı azalma daha çox mikrosahibkarların yaratdığı iş yerlərinin bağlanması ilə əlaqəli olduğu güman edilir. Belə ki, bu il yanvarın 1-dən etibarən mikrosahibkarlıq fəaliyyəti ilə məşğul olan illik dövriyyəsi 45 min manatdan çox olmayanlar vergi güzəştlərindən faydalanırlar. Həmin sahibkarların gəlirlərinə artıq 75 faiz güzəşt tətbiq olunmağa başlanılıb. 2024-cü ildə isə həmin güzəşti əldə etmək üçün ən azı 3 işçiyə malik olmaq tələbi var idi. Yeni ildən həmin tələb götürüldüyü üçün, güman edilir ki, bu, özəl sektorda əmək müqavilələrinin sayının azalmasına səbəb olub".
"Digər tərəfdən, əmək müqaviləsi ilə çalışanlar arasında dövlət sektoru yenə də üstünlük təşkil edir. Belə ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda 2 min daha az əmək müqaviləsi qeydiyyatdan keçib. Təbii ki, məşğulluqda özəl sektorun payının artırılması daha prioritet olmalıdır. Özəl sektorun məşğulluğun təminatında və yeni iş yerlərinin yaradılmasında drayverə çevrilməsi olduqca vacibdir", - deyə V.Bayramov əlavə edib.
Milli.Az