Polietilen paketlər – lazımlı və çox ziyanlı...

31 May 2010 12:32
Bu gün hər növ malların saxlanılması, daşınması üçün ən çox istifadə edilən və qiymətinə görə əlverişli olan polietilen paketlərdir. Eyni zamanda paketlər məlumat daşıyıcısı qismində reklam üçün geniş istifadə edilir. Lakin yaraşıqlı, parlaq və istifadə üçün rahat olan paketlər qısa müddətdən sonra zibillikləri bəzəyərək məişət tullantılarının parçalanmasına bir neçə yüz il tələb olunan bir hissəsinə çevrilir. 

Adiləşən polietilen paketi və onun istifadəsinin fəsadları haqqında biz nə bilirik? Bu məsələ "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin bu günlərdə paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı araşdırılıb.

Sorğu Bakının Binəqədi, Xətai, Səbail, Nərimanov, Nəsimi, Nizami və Yasamal rayonları ərazisində keçirilib. Sorğuda 186 nəfər iştirak edib. Respondentlərin polietilen paketlər və onların istifadəsi məsələlərinə olan münasibəti öyrənilib. Rəyi soruşulanlar paketlərin su və nəmişliyə davamlılığı (51,8%), gəzdirmək üçün rahatlığı, yüngüllüyü və təhlükəsizliyi (40,9%), mağazalarda pulsuz verilməsi, özünlə bazarlığa gedəndə aparmaq lazım olmaması (39,4%), ucuzluğu (35,2%), elastikliyi və möhkəmliyi (18,6%), zibil yığmaq üçün əlverişliliyi (18,3%), mədəni servis xidmətinin göstəricisi olduğu (14,9%), ərzaq və digər məhsulların ayrı-ayrı yığılması üçün konteyner qismində istifadəsi (13,2%) kimi amilləri qeyd ediblər. Rəyi  soruşulanların 2,1%-i "heç bir xeyri yoxdur" cavabını verib, 12,0%-i isə bu barədə münasibətlərini dəyərləndirə bilməyib.

Eyni zamanda, rəyi soruşulanların 87,9%-i polimer məhsulların istifadəsinin ətraf mühit və insan sağlamlığına mənfi təsirini qeyd ediblər, 12,1%-i isə bu istifadənin fəsadlarına dair məlumatlı olmadıqlarını deyiblər. 

Zərəri qeyd edən respondentlərin 74,8%-i paketlərin ətraf mühiti çirkləndirdiyini və artıq məişət tullantılarının əhəmiyyətli komponentinə çevrildiyini, 46,3%-i polimer materialların tərkibinə daxil olan kimyəvi birləşmələrinin sağlamlığa mənfi təsir göstərdiyini, 35,5%-i paketlərin zibillə birlikdə yandırıldılması zamanı zəhərli birləşmələrin ayrılmasını və başqa (11,0%) amilləri göstəriblər.

Polietilen paketləri yandırdıqda ətraf mühitin zəhərli birləşmələrlə çirklənməsi haqda 75,2% respondent xəbərdar olduğunu, 12,3%-i bu barədə nə isə eşitdiyini bildirib,12,5%-i isə ümumiyyətlə məlumatlı olmadığını deyib.

Milli.Az