“Tələsmirik...”

12 Mart 2025 15:50

Xəbər verdiyimiz kimi, ötən gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ-nin Ukraynaya 30 günlük atəşkəs təklifi və gündəmdəki bəzi digər məsələlərdən danışıb.

"Bir az tələsirsiniz. Biz tələsmək istəmirik. ABŞ dövlət katibi Marko Rubio və ölkə Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bu məsələ ilə bağlı bizə məlumat verəcəklərini bildirib. Şərh verməzdən əvvəl ABŞ tərəfini dinləməliyik, onlarla görüşə ehtiyac yaranarsa, çox tez təşkil olunacaq. Amerika ilə əlaqə üçün mövcud kanallar bunu kifayət qədər qısa müddətdə etməyə imkan verir", - deyə Peskov qeyd edib.

Qeyd edək ki, dünən 9 saatlıq danışıqdan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski də Ciddə danışıqlarından sonra çıxışında ABŞ komandasına konstruktiv ünsiyyətə görə təşəkkür edib. O qeyd edib ki, atəşkəs müsbət təklifdir. ABŞ-Ukrayna danışıqlarından sonra ABŞ Prezidenti Donald Tramp Kiyev administrasiyasına hərbi və kəşfiyyat yardımını dərhal yenidən başlamaq barədə göstəriş verib.

Milli.Az