Şüa diaqnostikası və terapiyası kafedrasının əməkdaşının tezisi beynəlxalq konqresdə dəyərləndirilib - FOTO

12 Mart 2025 12:55

Şüa diaqnostikası və terapiyası kafedrasının əməkdaşı Ruqiyyə Əhmədli fevralın 26-dan martın 2-dək Avstriyanın Vyana şəhərində keçirilən Avropa Radiologiya Cəmiyyətinin "European Congress of Radiology 2025" toplantısında iştirak edib.

R.Əhmədlinin "İntraventrikulyar törəmələrin diferensial diaqnostikasında diffuziya ağırlıqlı/ADC maqnit rezonans görüntüləmənin imkanlarının tədqiqi" adlı tezisi konqres çərçivəsində 10 minə yaxın göndərilmiş tezislər arasından seçilərək EPOS (Electronic Presentation Online System) olaraq təqdim edilib.

Elmi-tədqiqatın məqsədi intraventrikulyar törəmələrin diferensial diaqnostikasında maqnit rezonans müayinədə diffuziya ağırlıqlı görüntüləmənin (DWI) və görünən diffuziya əmsalının (ADC) əhəmiyyətinin dəqiqləşdirilməsidir.

Aparılan tədqiqat retrospektiv olub, diffuziya ağırlıqlı maqnit rezonans görüntüləmə törəmə toxumalarının istilik enerjisindən və hüceyrədaxili mikrostrukturdan asılı olaraq su protonlarının mikroskopik hərəkəti barədə əlavə məlumat verib. Törəmələrdə su diffuziyasının miqdarındakı dəyişikliklərin ADC parametrlərinə təsir etdiyi və xüsusilə, hüceyrə sıxlığı, hüceyrədaxili makromolekulyar tərkib və ekstrasellular boşluqların rolu ADC dəyərlərinin fərqlənməsinə səbəb olub. Bu da törəmələrin ayırd edilməsində DWI və ADC nəticələrinin əhəmiyyətli seçim ola biləcəyini vurğulayır.

Qeyd edək ki, Avropa Radiologiya Cəmiyyətinin 1967-ci ildən bəri təşkil etdiyi bu konqres dünya üzrə ən nüfuzlu və ən böyük radioloji tədbirlərdən biri hesab olunur.

Milli.Az