Ukrayna üçün son şans: Sözü Türkiyə deyəcək

12 Mart 2025 12:22
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş media qurumlarının rəhbərlərinin iftar proqramında çıxışı zamanı deyib ki, ölkəsi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
O, bildirib ki, Türkiyənin müharibə ilə bağlı konkret mövqeyi var: "Davamlı, ədalətli, hər iki tərəfin razı olacağı sülhün tərəfdarıyıq".
 
Milli.Az xəbər verir ki, siyasi şərhçi Kənan Novruzov sözlərinə görə, Rəsmi Ankara müharibənin ilk günündən bəri Moskva ilə Kiyev arasında fərq qoymayan, hər iki tərəflə münasiətlərini qoruyan və davam etdirməyi bacaran nadir dövlətlərdəndir. Bu, Türkiyənin xarici siyasət kursunun əsas məqamlarındandır. Türkiyə bir neçə dəfə tərəflər arasında vasitəçiliyə cəhd edib və bəzən də müəyyən mənada bunu bacarıb. Buna baxmayaraq, hər dəfə "gizli əllər" işə düşüb və prosesin sonadək inkişafının qarşısını alıb.
"Məsələ burasındadır ki, Şərqi Avropadakı müharibə rəsmi Ankaranın özünün siyasi və təhlükəsizlik maraqlarına uyğun deyil. Türkiyə başa düşür ki, Qərb bu yolla özünün mövqelərini gücləndirmək istəyir. Ona görə də Qərbin planlarını pozmağa çalışır. Hərçənd bu, təkbaşına Türkiyənin səyləri nəticəsində olmayacaq.
 
İkinci bir tərəfdən, Türkiyə hazırda hər nə qədər balanslı siyasət yeritməyə çalışsa da, bir müddətdən sonra vəziyyət dəyiçə və Ankara seçim qarşısında qala bilər.
 
Üçüncüsü, Rusiya- Ukrayna müharibəsi Avropanın təhlükəsizliyinə təhdid yaradır. Bu isə Türkiyə üçün arzuolunan deyil. Çünki Avropa ilə rəsmi Ankara tərəfdaşlıq var. Üstəlik, Türkiyə Avropa İttifaqına üzvlük iddiasındadır. Bu isə o deməkdir ki, Avropanın təhlükəsizliyi Türkiyə üçün xüsusilə əhəmiyyətlidir.
Türkiyə bundan sonra tərəflər arasında müəyyən mənada vasitəçi ola və Ukraynanın maraqlarının da qorunmasına çalışa bilər. Ankaranın öz maraqları da bunu tələb edir. Amma gərək rəsmi Kiyev daha səhv etməsin və Ankaranın ehtimal olunan bütün təkliflərini müsbət qiymətləndirsin. Bu, Ukrayna üçün son şans ola bilər".
 
Asya
Milli.Az