Pakistanda 450 girovdan 155-i azad olundu - YENİLƏNİB

12 Mart 2025 10:29

Pakistanın cənub-qərbində Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində qatarda girov saxlanılan 155 sərnişin azad edilib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, qatarda ümumilikdə 450 sərnişin olub və onlar "Bəlucistan Azadlıq Ordusu"nun yaraqlıları tərəfindən girov götürülüblər.

Əməliyyat zamanı girovları saxlayan 27 yaraqlı zərərsizləşdirilib. Xilas edilən bəzi sərnişinlər xəstəxanaya yerləşdirilib, lakin təəssüf ki, silahlılar təxminən on girovu qətlə yetiriblər.

Rəsmi mənbələr xilasetmə əməliyyatının hələ də davam etdiyini bildirir.

--------------

2025.03.11

Pakistanın Bəlucistan əyalətində separatçı Bəluc Azadlıq Ordusunun (BLA) silahlıları sərnişin qatarına hücum ediblər.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, hücum nəticəsində qatarın mühəndisi yaralanıb, təhlükəsizlik işçiləri də daxil olmaqla 450 sərnişin girov götürülüb.

Dəmiryol rəsmilərinin məlumatına görə, qatar Kvettadan Pişəvərə gedərkən hədəfə alınıb. Yaraqlılar qadın, uşaq və bəluc sərnişinləri azad etdiklərini, lakin Pakistan təhlükəsizlik qüvvələrinin əməkdaşlarını saxladıqlarını bildiriblər.

Hökumət sözçüsü Şahid Rind insidentlə bağlı bütün qurumların hərəkətə keçdiyini və təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini açıqlayıb. Hücum bölgədəki separatçı qrupların yeni və intensiv hücumlar həyata keçirəcəklərini elan etməsindən bir neçə gün sonraya təsadüf edir.

Milli.Az