Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, xəbərdarlıqda deyilir:
"Məlumat verildiyi kimi ötən gündən başlayaraq müşahidə olunan dumanlı hava şəraiti martın 14-dək davam edəcək. Dumanlı hava fəsil üçün xarakterik atmosfer hadisəsi olsa da, məhdudiyyətli görünməyə səbəb olmaqla əlverişsiz hesab edilir və ağırlıq dərəcəsi yüksək olan, o cümlədən zəncirvari toqquşma hadisələrinin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə artırır.
Bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onları xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır".
Milli.Az