Dəyənəklə döyülən şəxs sahibkar imiş - YENİLƏNİB - VİDEO

12 Mart 2025 07:53

07:53

Bakının Binəqədi rayonu ərazisində dörd nəfərin dəyənəklərlə avtomobilə hücum edərək döydüyü şəxsin kimliyi məlum olub.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisədə zərərçəkən şəxs Elnur Vidadi oğlu Miskərovdur.

Onun sahibkarlıq fəaliyyəti ilə, əsasən telefon alqı-satqısı ilə məşğul olduğu bildirilir.

Hadisəyə gəlincə, mənbələr bunun qadına sataşmaq üstündə baş verdiyini təsdiqləyirlər. Məlumata görə, davada iştirak edən Natiq Mustafakamalov qadının həyat yoldaşı, Azər Zahidli isə qadının qardaşıdır.

E.Miskərov Teleqraf-a açıqlamasında hadisə barədə geniş danışmaq istəmədiyini bildirib.

"Deyilənlər hamısı yalandır. Heç bir sataşma olmayıb. Məni səbəbsiz döyüblər və onlara ev dustaqlığı verilib. Məhkəmənin qərarı ilə razı deyiləm. Onların həbs olunmasını tələb edirəm. Digər suallara isə vəkilim cavab verəcək", - Elnur Miskərov söyləyib.

E.Miskərovun vəkili Xaliq Hüseynov isə bildirib ki, hadisənin kökü 2023-cü ilin aprel-may aylarına gedib çıxır:

"Hazırda cinayət işi üzrə zərərçəkmiş şəxs həmin dövrdə sosial şəbəkələrin birində "canlı efir"də olarkən ona mesajlar gəlib. Sonra bu mesajlar onların sosial şəbəkələr üzərindən ünsiyyət qurmasına səbəb olub. Onların ünsiyyəti ay yarıma qədər davam edib. Sonradan məlum olub ki, qarşı tərəfdə yazan xanımdır. Bundan sonra Elnur Miskərov münasibətlərə son qoysa da, qarşı tərəf sonradan müxtəlif sosial şəbəkələr üzərindən mesajlar göndərməyə başlayıb. Amma Elnur buna hər hansı reaksiya verməyib. Daha sonra 2024-cü ilin sonlarında hazırkı iş üzrə təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişə başqa adlar altında müraciətlər olunub. Onlar hansısa biznes təklifləri irəli sürüblər və s. Özlərini iş adamı kimi tanıdıblar. Hadisə baş verən gün - fevralın 5-də zərərçəkmişi görüş üçün Masazır gölünün ətrafına dəvət ediblər. Zərərçəkmiş ora gəldikdə təxminən 3 avtomobil onun qarşısını kəsib, biri arxadan, biri öndən, digəri isə yan tərəfdən mühasirəyə alıb.

Zərərçəkmiş çətinliklə də olsa, öz nəqliyyat vasitəsilə hadisə yerindən uzaqlaşarkən onu təqib ediblər, yolda saxlamaq istəyiblər. Zərərçəkmiş də Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng edib.

Hadisə yerindən uzaqlaşanda zərərçəkən Binəqədi rayonunun "Mərkəz" adlanan ərazisində tıxaca düşüb. Bu zaman təqib edənlər ona çatıblar və əllərində olan taxta parçaları ilə onu döyüb, ağır xəsarətlər yetiriblər. Həm özünə, həm də nəqliyyat vasitəsinə zərər vurublar, fiziki və mənəvi zorakılıq ediblər. Təbii ki, ictimai qaydanı kobud şəkildə pozuraq Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədiblər. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq davam edir.

İstintaq orqanı Binəqədi Rayon Məhkəməsinə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı müraciət edib. Lakin məhkəmənin qərarı ilə üç şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, bir nəfər isə sərbəst buraxılıb. Biz də zərərçəkmiş tərəf olaraq, həmin qərarlardan şikayət versək də, Bakı Apellyasiya Məhkəməsi şikayətlərimizi təmin etməyib", - deyə vəkil bildirib.

---------
14:48

Bakının Binəqədi rayonu ərazisində sürücüyə qarşı zorakılıq etməkdə təqsirli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlinin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib.

Məhkəmənin qərarı ilə N.Mustafakamalov, V.Cavadov və N.Rəhmanovun hər biri barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hadisədə iştirak edən A.Zahidli ilə bağlı verilən təqdimat təmin olunmayıb və o, sərbəst buraxılıb.

"Chevrolet" markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.

Qeyd edək ki, bu il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə "Chevrolet" markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

***

Məlumata görə, avtomobilin sürücüsü insidentdə iştirak edənlərdən birinin həyat yoldaşına söz atıb. Qadın isə bu barədə həyat yoldaşına məlumat verib.

Bundan sonra qadının həyat yoldaşı digər şəxslərlə birlikdə həmin şəxsi cəzalandırmaq üçün onu izləyiblər. Onu küçədə avtomobilində tutublar və ölümcül döyüblər.

11:46
Bakıda yolda kütləvi davaya görə 4 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov APA-nın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları (beysbol dəyənəkləri-red.) ilə "Chevrolet" markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.

"Chevrolet" markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.

Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

11:10

Bakıda yolda dava olub.

Milli.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən belə məlum olur ki, bir qrup şəxs avtomobilə hücum edərək içərisindəki şəxsləri döyür.

İlkin məlumata görə, hadisə yol üstündə baş verib.

Daxili İşlər Nazirliyindən lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dava iştirakçıları polis tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır. 

Hadisə anının görüntülərini təqdim edirik: 

Milli.Az