İftar vaxtı evdə yemək bişirmək olmaz - Kənddə qəribə qadağa - FOTO

11 Mart 2025 10:20

Nevşehirin Eğrikuyu kəndində Ramazan ayında evdə iftar yeməyi bişirmək qadağan edilib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, kənd muxtarının qərarı ilə bütün sakinlər hər axşam mədəniyyət evində bir araya gələrək kollektiv iftar süfrəsində yemək yeyirlər. Bu ənənə pandemiya dövründə evlərə yemək çatdırılması ilə başlayıb və son dörd ildə kəndin əsas sosial tədbirlərindən birinə çevrilib.

Kənd sakinləri gündə 600-700 nəfərlik yemək hazırlayır və süfrə yalnız yerli əhali üçün deyil, qonaqlar üçün də açıqdır. Eğrikuyu kənd imamı Əli Karataş bu tədbirin insanların bir araya gəlməsinə və daha çox qonaq qəbul etməyə imkan yaratdığını bildirir.

İftar yeməklərinin xərcləri xeyriyyəçilərin yardımları ilə qarşılanır. Kəndin gəncləri könüllü olaraq yeməklərin hazırlanmasına və süfrənin qurulmasına kömək edir. Həmçinin, yaşlı və xəstə kəndlilər üçün evlərinə yemək çatdırılır.

Kənd muxtarı Nihat Ateşin sözlərinə görə bu təşəbbüs sayəsində küsülülər barışır, insanlar daha sıx ünsiyyətdə olur və kənddə birlik ruhu güclənir. O, bu ənənəni davam etdirmək və gələcəkdə daha da inkişaf etdirmək istədiklərini bildirib.

Fidan
Milli.Az