İğdır-Naxçıvan qaz kəməri: regionun enerji təhlükəsizliyinin təminatında yeni mərhələ

8 Mart 2025 20:50

Təməli 2023-cü ildə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulan İğdır-Naxçıvan qaz kəmərinin bir neçə gün bundan əvvəl açılış mərasimi baş tutdu. Bununla da Naxçıvan artıq birbaşa Türkiyədən qaz idxal edəcək ki, bu da onun enerji təminatını daha sabit və etibarlı hala gətirəcək. Çünki buna qədər Naxçıvana qaz Bakı-Astara kəməri vasitəsilə İrandan svop şəklində ötürülürdü. Yeni qaz kəməri isə artıq bu asılılığı aradan qaldırılacaq, eyni zamanda Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Ona görə də İğdır-Naxçıvan qaz kəmərinin həm iqtisadi, həm də geosiyasi baxımdan iki ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyi bildirilir. Bu kəmər təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Anadolu bölgəsinin enerji təhlükəsizliyi baxımından əhəmiyyətli layihələrdən hesab edilir.

Mütəxəssislərin də fikrincə, İğdır-Naxçıvan qaz kəməri regionda sabitliyi və enerji təchizatının diversifikasiyasını gücləndirən mühüm layihələrdəndir.

İqtisadçı Eldəniz Əmirov Trend-ə açıqlamasında İğdır-Naxçıvan qaz kəmərinin ideya olaraq 2009-cu ildə formalaşdığını deyib. Onun sözlərinə görə, bu məsələnin strateji əhəmiyyəti hər zaman Azərbaycan tərəfindən yüksək qiymətləndirilib: "Bir neçə gün əvvəl artıq biz həmin kəmərin açılışını gördük. Bu kəmər Naxçıvan Muxtar Respublikasının təkcə istehlakçılarının deyil, eyni zamanda təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinin yüksək səviyyədə təmin olunmasında öz rolunu oynayacaqdır. Günlük 2 milyon, illik 730 milyon kubmetr həcmində bir idxal muxtar respublika iqtisadiyyatı üçün sözsüz ki qənaətbəxş hesab edilə bilər".

Bu kəmərin gücünün 2 dəfədən çox artırılması imkanı vardır...

İqtisadçı qeyd edib ki, perpektivdə sözügedən kəmərin gücünün 2 dəfədən çox artırılması imkanı da var: "Eyni zamanda Zəngəzur dəhlizi açıldıqdan sonra bu kəmər Azərbaycan qazını sözügedən dəhliz üzərindən Naxçıvan və Türkiyədən keçməklə geri istiqamətdə Türkiyə və Avropaya çatdıra biləcək. Məsələnin əsas tərəfi budur. Düşünürəm ki, bu kəmər bu gün Naxçıvana qaz tədarük edirsə, gələcəkdə Naxçıvandan qaz tədarükünü təmin edə biləcək".

Naxçıvan Muxtar Respublikasında qaz anbarının yaradılmasına ehtiyac var...

E. Əmirov həmçinin orta perspektivdə Naxçıvan Muxtar Respublikasında qaz anbarının yaradılmasının zəruri olduğunu vurğulayıb: "Naxçıvan Muxtar Respublikasında qaz anbarının yaradılmasına ehtiyac vardır. Çünki boru kəmərlərində müəyyən fasilələr yaranan zaman əhalinin, xüsusən də iqtisadi fəaliyyətlə məşğul olan təsərrüfat subyektlərinin enerji təminatının kəsilməsi ciddi problemlər yaradır. Naxçıvan Muxtar Respublikasında qaz anbarının yaradılması bu problemi sığortalamış olar. Bildiyimiz kimi, Naxçıvanda duz yataqları vardır və onlar qaz anbarlarının yaradılması üçün dünyada istifadə edilən bir neçə təbii şərtlərdən biridir. Amma Naxçıvanda duz yataqları hətta buna imkan verməsə belə, izotermik qaz yataqlarının yaradılması mümkündür. Bununla bağlı Azərbaycanın kifayət qədər peşəkar mütəxəssisləri vardır. Hesab edirəm ki, orta perspektivdə bu məsələyə baxılması daha məqsədəuyğun olardı".

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Trend-ə açıqlamasında İğdır-Naxçıvan qaz kəmərinin regionun enerji təhlükəsizliyinə töhfə verəcəyini deyib. O bildirib ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın mavi qaza olan tələbatının bir mənbədən asılılığının aradan qaldırılması baxımından vacibdir: "Kəmər vasitəsilə Naxçıvana ildə 750 milyon kubmetrə yaxın mavi qaz nəql ediləcək, daha sonra mavi qazın illik həcmi iki dəfə artırılacaq, bu da Naxçıvanın artan tələbinin ödənilməsinə imkan yaradacaq.

Kəmərin əsas üstünlüyü Naxçıvanda mavi qaza olan tələbin fasiləsiz ödənilməsinin təmin edilməsi və Naxçıvanın enerji təhlükəsizliyinin formalaşdırılmasıdır".

"Bundan əlavə, Naxçıvan tam olaraq mavi qazı qardaş Türkiyə vasitəsilə alacaq, bu da asılılığı aradan qaldırmış olacaq. Digər tərəfdən, bu cür kəmərlərin çəkilməsi regionda enerji təminatı baxımından vacibdir. Hətta bu layihə bütövlükdə regionun enerji təhlükəsizliyinə töhfə kimi qiymətləndirilir. Gələcəkdə, xüsusilə Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra region üçün xüsusi töhfəsi olacaq.

Kəmər həm də Azərbaycan və Türkiyə arasında münasibətlərin dərinləşməsini göstərən əsas layihələrdən biri kimi çıxış edəcək", - deyə V. Bayramov vurğulayıb.

Naxçıvanda qaz təchizatının daha etibarlı və davamlı olması həm sənayenin inkişafı, həm də əhalinin rifahına müsbət təsir göstərəcək. Sənaye müəssisələrinin enerji təminatı yaxşılaşacaq, yeni investisiya imkanları yaranacaq və əhalinin sosial rifahı yüksələcək.

Bu səbəblərə görə İğdır-Naxçıvan qaz kəməri həm iqtisadi, həm siyasi, həm də enerji təhlükəsizliyi baxımından mühüm strateji layihə hesab olunur.

Milli.Az