Altay Sadıqzadə: "Fuad Salayevin "Torpağın nəfəsi" əsəri böyük müvəffəqiyyətdir" - FOTO

13 İyul 2012 23:36
Fuad Salayevin "Torpağın nəfəsi" əsəri böyük müvəffəqiyyətdir. Əsərin ideyası müəllifin palçıq vulkanlarını müşahidə etməsindən yaranmışdır.

AzərTAc xəbər verir ki, bu sözləri tanınmış rəssam Altay Sadıqzadə "012- Bakı Public Art Festivalı" çərçivəsində növbəti layihənin təqdim edilməsindən sonra jurnalistlərə müsahibəsində demişdir. Bildirilmişdir ki, püskürən vulkanlar özlüyündə torpağın canlı nəfəsini xatırladır. Təqdim olunan heykəltəraşlıq kompozisiyasının əlavə assosiativ mənası da vardır. Məsələn, əsərin çevrəsi rəqsi xatırladır. Doğrudur, rəqs canlı varlığa xasdır, dəmir isə ağırdır. Lakin əsərin şəbəkəli formada olması ona yüngüllük, çəkisizlik və hətta oynaqlıq vermişdir. Ümumiyyətlə, "Torpağın nəfəsi" heykəltəraşlıq kompozisiyası çox qiymətli əsərdir.

Tanınmış rəssam Altay Sadıqzadənin "012 -Bakı Public Art Festivalı" çərçivəsində "Xəzri" əsəri təqdim edilmişdir. Altay Sadıqzadə Bakıda fəaliyyət göstərən Müasir İncəsənət Muzeyinin dizayn müəllifidir. Onun işləri Azərbaycan Rəssamlıq Akademiyasında, Mədəniyyət və Turizm Nazirliyində, Rusiya Rəssamlar İttifaqında, Rusiya Mədəniyyət Nazirliyində, Rusiya İncəsənət Fondunda, respublikamızda və xarici ölkələrdə fərdi kolleksiyalarda saxlanılır.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.



Foto: AzərTAc