ABŞ-ın Dövlət Katibi Marko Rubionun alınında xaç işarəsi ilə "Fox News" televiziya kanalının canlı yayımına qatılması sensasiya yaradıb.
Rubio müsahibəsində Ukraynadakı son hadisələr, Yaxın Şərqdə artan böhran və Donald Trampın Konqresə son müraciəti kimi əsas mövzulara toxunub.
Rubionun alınında xaç işarəsi olmasının səbəbi müsahibədən bir gün öncə qeyd olunan Kül Çərşənbəsi ilə bağlıdır. Kül Çərşənbəsi xristian katolikləri üçün mühüm gündür. Bugünə inananlar, müqəddəs hesab edilən palma budaqlarının külündən hazırlanmış xaç işarəsini alında qəbul edirlər.
Rubionun bu dini simvol ilə ekranda görünməsi sosial mediada müxtəlif reaksiyalar doğurub.
Bəzi istifadəçilər bunu onun dəyərlərinə və açıq inancına hörmət əlaməti kimi dəyərləndirərək dəstəkləyiblər. Digərləri isə bu addımın siyasi məqsəd daşıdığını, hətta Rusiyaya simpatiya və ya "dini müharibə" çağırışı ola biləcəyini iddia ediblər.
Bir sosial media istifadəçisi "Bizim valideynlərimiz də uşaq vaxtı pis davrandığımızda alınımıza xaç çəkirdilər" kimi ironik şərh yazıb.
Bu hadisə, şəxsi inancın dövlət idarəçiliyi ilə necə kəsişdiyi məsələsini gündəmə gətirərək müxtəlif platformalarda geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Tramp administrasiyasının yeni dövrdə dini simvolları ön plana çıxarmağa çalışdığı bildirilir.
ABŞ Prezidenti Ağ Evdə ilk kabinet iclasına da dua ilə başlayıb. Bu maraqlı görüntü də seçki kampaniyası zamanı kameralara düşüb.
Lalə Qüdrətova
Milli.Az