Qaxda “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti Zabit Nəbizadə ilə görüş keçirilib - FOTO

6 Mart 2025 21:21

Martın 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə "Sənətkarın dostu" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Zabit Nəbizadə ilə görüş keçirilib.

Qax rayonu Qaxingiloy kənd Mədəniyyət Evində təşkil olunmuş tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emil Bədəlov və MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov iştirakçıları salamlayaraq, layihənin mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, regionlarda olan gənc istedadların aşkara çıxarılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirildiyini vurğulayıblar. 

Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən tədbirdə Xalq artisti Zabit Nəbizadə muğam sənətinin tədrisi, muğam ifaçılığı, konsert yaradıcılığı, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparıb. Dillər əzbəri olan mahnı və təsniflərdə yol verilən orfoqrafik həmçinin məzmun səhvlərindən danışılıb, ifaçılıqda mətnin dərk edilməsinin əhəmiyyəti vurğulanıb. 

Ustad dərsi formatında keçən görüşdə Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs tələbəsi Rəis Niftəliyev, 3-cü kurs tələbəsi Ruhəngiz Musayeva, həmçinin Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Elmir Cəfərli, Elvin Məmmədov və Qax şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri Aqşin Dostuyev, Səma Şərifova, Aksana Cumayevanın ifasında müxtəlif xalq mahnıları və təsniflər səsləndirilib. İfaçıları tarda Altay Niftəliyev, Səxavət Cumayev, Məhəmməd Məhəmmədkərimov, kamançada Araz Ağaverdiyev, Hamil Lətifov, Azad Quliyev və nağarada Xaləddin Əsgərov müşayiət ediblər.

Tədbirdə regionda yerləşən uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər, onların müəllim və valideynləri iştirak ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə fotosu çəkilib.