"Bakı Metropoliteni" QSC-də Hüquq departamentinin rəisi, Kommersiya departamentinin rəisi və Daxili Nəzarət şöbəsinin rəisi vəzifələrinə yeni təyinatlar olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Metropolitendə Hüquq departamenti yaradılıb.
Departamentinin rəisi vəzifəsi Kənan Quliyevə həvalə edilib. K.Quliyev daha öncə Azərbaycan İnvestisiya Holdinqində Hüquq departamentinin müdiri vəzifəsində çalışıb. Qurumun hüquq şöbəsinin rəisi Babək İsmayılov isə vəzifəsindən azad edilərək, Hüquq departamentinin rəisi vəzifəsinə təyin olunub.
Metropolitenin Kommersiya Departamentinin rəisi vəzifəsinə isə Ruslan Ağayev gətirilib. R.Ağayev bu vəzifədə bir müddət öncə işdən azad olunan Lalə Babayevanı əvəz edib. R.Ağayev daha öncə Balaxanı Sənaye Parkında çalışıb.
Metronun Daxili Nəzarət şöbəsinin rəisi vəzifəsi isə Nicat Əliyevə həvalə olunub. N.Əliyev daha öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşı olub.
Qeyd edək ki, ötən ilin dekabr ayında ölkə başçısının Sərəncamı ilə Vüsal Aslanov "Bakı Metropoliteni" QSC-nin sədri vəzifəsinə təyin edilib. V.Aslanovun gəlişindən sonra qurumda kütləvi şəkildə kadr dəyişiklikləri, rəhbər vəzifələrə yeni təyinatlar müşahidə edilir. Belə ki, bu ilin yanvar-fevral aylarında Nərgiz Mustafayeva Metropolitenin Strateji inkişaf departamentinin, Asəf İsgəndərli Maliyyə departamentinin, Tərlan Həsənli Təchizat departamentinin rəisi vəzifələrinə təyin edilib. QSC-nin rəisi V.Aslanovun əmri ilə qurumda Mühafizə və Yanğın Təhlükəsizliyi departamenti və Kommunikasiya departamentləri yaradılıb. Zamiq Quliyev Metropolitenin Mühafizə və Yanğın Təhlükəsizliyi departamentinin, Şaban İmkani isə Kommunikasiya departamentinin rəisi vəzifələrinə təyin olunub. Bu ilin yanvar ayında Türkiyənin Marmaray sualtı tunelinin mühəndisi Orxan Yenigün Metropolitendə sədrin müşaviri vəzifəsinə gətirilib.
Milli.Az