Ronaldunun ailəsi təhdid olunur - Polis məsələyə qarışdı

6 Mart 2025 15:35

Cristiano Ronaldo və Georgina Rodriguez ailələrinin təhlükəsizliyi ilə bağlı çətin günlər yaşayırlar. Onlar Səudiyyə Ərəbistanında yaşadıqları müddət ərzində rahat həyat tərzi sürsələr də, son vaxtlar aldıqları ciddi təhdidlər onların gündəlik həyatına təsir edib.

Milli.Az xəbər verir ki, Portuqaliya və İspaniya mətbuatının məlumatına görə, bu təhdidlər sadəcə sosial şəbəkələrdə yazılan adi şərhlər deyil, ailənin təhlükəsizliyini təhdid edən ciddi xəbərdarlıqlardır. Məhz bu səbəbdən Cristiano və Georgina dərhal təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəliblər.

Georgina uşaqlarının sosial mediada görünməsini məhdudlaşdırıb, onların üzlərini paylaşmamağa üstünlük verir. Cütlük eyni zamanda, dörd yeni cangüdən işə götürərək şəxsi mühafizəsini artırıb və təhlükəsizliyi yüksək səviyyədə olan yeni iqamətgaha köçüb.

Ronaldo öz təhlükəsizliyini də nəzərə alaraq, komanda səfərləri və idman tədbirləri zamanı xüsusi mühafizəçilərin sayını artırıb. Onun oynadığı "Əl-Nassr" klubu da futbolçuya tam dəstək verdiyini bildirib və lazım olan bütün resursları səfərbər edib.

Səudiyyə Ərəbistanı polisi məsələ ilə bağlı istintaqa başlayıb. 

Fidan
Milli.Az