Sevgilisini öldürüb ölkədən qaçmaq istəyəndə tutulubmuş

4 Mart 2025 17:17

Qətl törətməkdə təqsirləndirilən 1969-cu il təvəllüdlü Könül Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sevgilisi 1965-ci il təvəllüdlü Bahar Məmmədovanın qətlinə görə həbs edilmiş şəxs Cinayət Məcəlləsinin 120.2.5, 120.2.9 və 178.2.4-cü (xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxsi öldürmə və dələduzluq) maddələri ilə təqsirləndirilib.

Məlum olub ki, Könüllə Bahar 2008-ci ildən sevgi münasibətində olub. Daha sonra Könül dini nikahda yaşadığı qadını qətlə yetirərək evini və pensiya kartını ələ keçirmək qərarına gəlib.

O, 2022-ci ildə qadına məxsus evdə onu boğaraq öldürüb və meyitini həyətdə basdıraraq gizlədib. Könül Bahara məxsus evi 10 gün ərzində sataraq 32 min manatı ələ keçirib. Həmçinin 2 il müddətində onu itkin düşmüş şəxs kimi qələmə verərək pensiya kartından 7 min manata yaxın pul çıxararaq mənimsəyib.

2024-cü ildə Könül Baxşəliyev Naxçıvandan Türkiyəyə keçmək istəyərkən saxlanılıb və qətlin üstü açılıb. Qadının meyiti basdırıldığı yerdən çıxarılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Könül Baxşəliyevə 19 il həbs cəzası verilib.

Milli.Az