ABŞ Nümayəndələr Palatasının üzvü, respublikaçı Darrel İssa bildirib ki, ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək.
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə The Hill nəşri konqresmenin X şəbəkəsindəki paylaşımına istinadən yazır.
"Bu gün Donald Trampı Nobel Sülh Mükafatına namizədliyə irəli sürəcəyəm. Bu mükafata ondan daha çox layiq olan heç kim yoxdur", - o qeyd edib.
Konqresmen prezidentin niyə namizəd göstərildiyini dəqiqləşdirməyib. Lakin daha sonra İssanın mətbuat katibi Trampın Yaxın Şərqdəki sülh səylərinə işarə edib.
İssanın aparat rəhbərinin müavini və kommunikasiyalar direktoru Conatan Uilkoksun sözləri: "Konqresmen İssa yaxınlarda Yaxın Şərqin dörd ölkəsinə səfər edən konqres nümayəndə heyətinə rəhbərlik edib - o, bir neçə dövlət başçısından və birbaşa öz gözləri ilə gördü ki, sülh ruhu və münaqişədən imtina real və çoxtərəfli bir prosesdir. Prezident Tramp seçildiyi və andiçmə mərasimindən bəri sülh uğrunda ilhamlandırır və təşviq edir - və bunu illərdir eşitmədiyimiz tərzdə edir".
O əlavə edib ki, Tramp "müharibəsiz sülhə can atmağı" təbliğ edir.
Nəşr vurğulayır ki, bu açıqlama Trampın Ukraynadakı müharibə ilə bağlı ABŞ siyasətini dəyişdirdiyi, Ukrayna lideri Vladimir Zelenskiyə təzyiqi artırdığı və eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə münasibətləri yumşaltdığı bir vaxtda səslənib.
Həmçinin, The Hill xatırladır ki, keçmişdə Tramp dəfələrlə Nobel Sülh Mükafatına namizəd göstərilib, lakin heç vaxt bu mükafatı ala bilməyib.
Milli.Az