Uşaqlığımızın "Love is" saqqızının kədərli hekayəsi - FOTO

4 Mart 2025 13:45

"Loves" saqqızları uşaqlıq xatirələrində öz yerini qoruyan və təkcə bir saqqızdan daha çoxunu təmsil edən bir məhsuldur. Lakin bu şirin xatirələr sevinclə yanaşı, faciəli bir hekayənin də izlərini daşıyır. Bəlkə də çoxumuz heç vaxt bilməmişik, amma bu kağızlarda əks olunan komikslərin arxasında böyük bir sevgi və kədər yatar.

Milli.Az xəbər verir ki, bu barədə marketoloq Elnur Salehov araşdırma edib:

"Hər şey 60-cı illərin sonunda Yeni Zelandiyada başladı. O dövrdə Kim Krou adlı gənc bir rəssam vardı. O, çox istedadlı idi və ən əsası romantik idi. Kim qəlbində böyük bir sevgi gəzdirirdi - həyatının sevgisini, Roberto Kazaleni. Roberto təkcə onun sevgilisi deyil, həm də ruh yoldaşı idi. Birlikdə saatlarla söhbət edir, gülür və xəyallar qururdular.

Kim sevdiyi insana hisslərini adi sözlərlə deyil, rəsmlərlə ifadə etməyi seçdi. O, Roberto üçün salfetlərin üzərinə kiçik eskizlər çəkməyə başladı. Hər dəfə yeməkdən sonra və ya çay süfrəsində o, bir salfet götürüb üzərinə bir cütlük haqqında kiçik bir komiks çəkirdi. Onun personajları adi insanlar idi - bəzən mübahisə edirdilər, bəzən bir-birlərinə kiçik sürprizlər edirdilər.

Bu sevgi dolu kağızlar təkcə Roberto üçün deyil, dostları üçün də maraqlı idi. Dostları Kimdən bu rəsmləri daha çox çəkməsini istəyirdi, çünki bu komikslər onların da xoşuna gəlirdi. Nəhayət, 1970-ci ildə bir nəşriyyat Kimə bu eskizləri rəsmi şəkildə çap etdirməyi təklif etdi. Kim əvvəl tərəddüd etdi, çünki bu komiksləri yalnız Roberto üçün çəkirdi. Amma Roberto onu ruhlandırdı və "Bəlkə də başqaları da bu hekayələrdə öz sevgisini tapar" dedi.

Komikslər çap olunduqdan sonra sürətlə populyarlaşmağa başladı. Demək olar ki, bütün dünyaya yayıldı. İnsanlar bu sadə, amma içində böyük mənalar gizlənən rəsmlərə vuruldular. Kim təkcə rəsmləri ilə deyil, həm də sevgi mesajları ilə insanların qəlbinə toxunurdu. Onun bu işindən illik gəliri 4-5 milyon funt-sterlinqə çatmışdı.

Amma xoşbəxtlik həmişə uzun çəkmir... 1976-cı ildə Kim həyatının ən böyük zərbəsini aldı - Roberto vəfat etdi. Bu, onun üçün ağır bir zərbə oldu. Həyatının mənası, ona ilham verən insan artıq yox idi. O, daha komikslər çəkmək istəmədi. Çünki indi onun hekayələri artıq yalnız kağız üzərində deyil, qəlbinin dərinliklərində də qırılmışdı.

Kim öz hüquqlarını Britaniyalı karikaturaçı Bill Aspre adlı bir sənətçiyə təhvil verdi və sənətdən çəkildi. Həyatına başqa istiqamətdə davam etməyə qərar verdi. Amma onun yaratdığı komikslər hələ uzun müddət insanların qəlbində yaşayacaqdı.

90-cı illərdə isə bu hekayə yeni bir nəfəs aldı. Bir türk saqqız şirkəti Loves adlı yeni bir məhsul istehsal edirdi və saqqızın içliyində fərqli bir şey etmək istəyirdi. Onlar Bill Aspredən bu komiksləri saqqız içlikləri kimi istifadə etməyə icazə istədilər. Nəticədə, hər Loves saqqızının içindən bu sevgi dolu rəsmlər çıxmağa başladı.
Saqqız qısa müddətdə böyük uğur qazandı, xüsusən də postsovet ölkələrində. Uşaqlar bu saqqızları toplamaq üçün bir-biri ilə yarışır, hətta bəzi komiksləri dəyişmək üçün məktəbdə xüsusi "ticarət" qururdular. Sevgisini ifadə edə bilməyən oğlanlar qızlara Loves kağızları hədiyyə edirdilər".

Kim Krou heç vaxt bilmədi ki, onun sevgisi milyonlarla insanın uşaqlıq xatirəsinə çevriləcək. Amma onun çəkdiyi bu kiçik hekayələr hələ də çoxlarının qəlbində yaşayır. Loves saqqızlarının içindəki kağızlar təkcə bir parça kağız deyil, sevginin, nostaljinin və bir az da kədərin xatirəsi idi.

Milli.Az