Qazaxda minatəmizləmə əməliyyatlarına cəlb edilmiş işçi heyəti artırılacaq

4 Mart 2025 07:33

Qazax rayonu ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilmiş işçi heyətin artırılması planlaşdırılır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən bildirilib.

Xatırladaq ki, Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edilir. Bu günə qədər icra edilən əməliyyatlar zamanı 59.9 ha ərazi təmizlənib, 857 ədəd piyada əleyhinə mina, 95 ədəd tank əleyhinə mina və 38 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, ötən ilin delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Milli.Az