Bakıda polis əməliyyatı - Silah-sursat aşkarlandı

3 Mart 2025 14:36

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə paytaxt sakini 74 yaşlı V.Usolsevin rayon ərazisində yerləşən evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs polislər tərəfindən saxlanılıb. Onun ünvanından 1 "Kalaşnikov" avtomatı, 2 tüfəng, 1 tapança və 153 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az