ABŞ prezidenti Donald Trampın bəzi köməkçiləri Ukrayna Prezidenti Volodimir Zelenskinin istefa verməsini istəyir.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Trampın müşavirləri hesab edir ki, Ukraynada nizamlanma üzrə gələcək razılaşmaya Zelenskinin istefası daxil edilməlidir.
Ətraflı
Qeyd olunur ki, ABŞ administrasiyasının bəzi üzvləri Donald Tramp və Vladimir Zelenski arasında münaqişəyə baxmayaraq, Ukrayna ilə danışıqlardan imtina etməyə hazır deyillər.
"Fox News" kanalının mənbələri isə qeyd edir ki, Ər-Riyaddakı danışıqlardan sonra Rusiya və ABŞ nümayəndə heyətləri Ukrayna üçün üç mərhələli sülh planı hazırlayıblar. Bura atəşkəs, Ukraynada prezident seçkilərinin keçirilməsi, sonra isə sülh sazişinin imzalanması daxildir.
Xatırladaq ki, Zelenski bir neçə gün öncə Ukrayna üçün sülh müqabilində vəzifəsindən istefa verməyə hazır olduğunu açıqlayıb. "Əgər sülh Ukrayna üçündürsə və həqiqətən də vəzifəmi tərk etməyimə ehtiyac varsa, mən hazıram. Vəzifəmi Ukraynanın NATO-ya üzvlüyü müqabilində də dərhal dəyişə bilərəm", - deyə Zelenski jurnalistə cavab verib.
Zelenski diqqətini 20 ildən sonraya deyil, bu gün Ukraynanın təhlükəsizliyinə yönəltdiyini və onilliklər ərzində hakimiyyətdə qalmaq fikrində olmadığını bildirib. "Hesab edirəm ki, NATO ən ucuz variantdır və bu, doğrudur. Hər halda, kimin dəstəkləməsindən və ya dəstəkləməməsindən asılı olmayaraq, bu mövzu masadadır", - deyə Zelenski vurğulayıb. Ukrayna Prezidenti qeyd edib ki, bu məsələ tərəfdaşlarla müzakirə olunacaq.
Milli.Az