Azərbaycanda ali təhsilli türmələr yaradıla bilər

3 Mart 2025 10:20

Məntəqə tipli cəzaçəkmə müəssisələrinin əsasında ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər üçün nəzərdə tutulan ayrıca cəzaçəkmə müəssisələrinin yaradılması və təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərin cəzasının həmin müəssisələrdə çəkilməsinin qanunvericiliklə təsbit edilməsi məqsədəmüvafiq hesab edilir.

Milli.Az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş 18-24 yaş arası şəxslər üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması və yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrində cəza çəkən və 18 yaşı tamam olmuş şəxslərin həmin müəssisələrə göndərilməsi də məqsədəmüvafiq olardı:

"Ali təhsil imkanlarının da təmin ediləcəyi belə müəssisənin yaradılması saxlanılan şəxslərin islah olunması prosesinə, habelə cəzalarını çəkib qurtardıqdan sonra onların sosial adaptasiyasına da müsbət təsirini göstərə bilər. Qeyd edilən müəssisələrin yaradılması penitensiar müəssisələrdə mövcud sıxlıq probleminin həllinə də müsbət təsir göstərə bilər".

Milli.Az