Məsciddə namaz zamanı qaz sızdı - 16 nəfər zəhərləndi

2 Mart 2025 08:49

Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda məscidin istilik sistemində qaz sızması nəticəsində zərər çəkən 16 nəfər xəstəxanaya aparılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məsciddə təravih namazı (Ramazan ayında qılınan gecə namazı - red) qılınarkən ibadət edənlərin bəzilərinin səhhətində problem yaranıb.

Hadisə yerinə təcili yardım, xilasetmə xidməti, polis əməkdaşları cəlb edilib.

Araşdırma zamanı məscidin qadınların ibadəti üçün nəzərdə tutulan hissəsində karbonmonoksit qazının sızması aşkarlanıb. Zərər çəkənlər təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az