Unudulmaz ustad xanəndə Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş konsert keçirilib – FOTO

1 Mart 2025 16:50

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, unudulmaz ustad xanəndə Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş konsert keçirilib.

Gecədə teatrın solistləri Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Fəxri Kazım Nicat, Ayşən Mehdiyeva, Aynur İsgəndərli, Ramazan Şərifzadə, Rövşən Qəhrəmanov sənətkarın zəngin musiqi irsinə müraciət edərək dillər əzbəri olan muğam və təsnif , bəstələrini ifa ediblər. Solistləri teatrın ansamblı (rəhbər Mirxalid Salayev) müşayiət edib. Qeyd edək ki, Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirən sənətkarlarımızdandır. O, hələ gənc yaşlarından Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühitində yetkin xanəndə olaraq formalaşmış, geniş repertuarı, məlahətli səsi və bənzərsiz ifa tərzi Əlibaba Məmmədova muğamsevərlərin böyük rəğbətini qazandırmışdı.

Ustad muğam ifaçısı xanəndəlik fəaliyyəti ilə yanaşı, pedaqoq kimi Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs deyib, muğam sənətinin incəliklərini gənc ifaçılar nəslinə aşılayıb. Milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə Əlibaba Məmmədov 2000-ci ildə "Şöhrət", 2010-cu ildə "İstiqlal" və 2020-ci ildə "Şərəf" ordenləri ilə təltif edilib. Görkəmli xanəndə 2022-ci il fevralın 25-də 92 yaşında vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az