"Intel" 28 mlrd. dollarlıq çip zavodlarını yenidən təxirə salıb

1 Mart 2025 13:11

"Intel" tərəfindən Ohayoda tikilməsi planlaşdırılan 28 mlrd. dollarlıq çip istehsal zavodlarının açılışı yenidən gecikdirilib. 

Milli.Az valyuta.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, ilk zavod 2030-2031-ci illər arasında fəaliyyətə başlayacaq ki, bu da ilkin planlaşdırılan cədvəldən ən azı beş il gecdir.  

"Intel", digər şirkətlər üçün müqaviləli çip istehsalçısına çevrilmək məqsədilə həyata keçirdiyi bahalı yenidənqurma siyasəti nəticəsində maliyyə vəziyyətinin çətinləşməsindən sonra kapital xərclərini azaltmağa başlayıb.  

Şirkətin "Intel Foundry Manufacturing" bölməsinin baş meneceri Naqa Çandrasakaran əməkdaşlara göndərdiyi və mətbuat üçün yayımlanan mesajında bildirib ki, dəyişikliklər zavodun fəaliyyətini bazar tələbi ilə uyğunlaşdırmaq və "kapitalı səmərəli idarə etmək" məqsədilə edilib.  

"Biz layihəni maliyyə baxımından məsuliyyətli şəkildə başa çatdırmaq üçün ehtiyatlı yanaşma tətbiq edirik", - o deyib.  

"Intel" ikinci Ohayo zavodunun tikintisinin 2031-ci ildə tamamlanacağını və 2032-ci ildə fəaliyyətə başlayacağını açıqlayıb.  

Şirkətin səhmləri 5%-dən çox bahalaşsa da, daha sonra bir qədər ucuzlaşaraq təxminən 1% artımla ticarət olunub.  

Milli.Az